Dünya ulduzu Meray Kerinin keçmiş həyat yoldaşı, 41 yaşlı aktyor -aparıcı Nik Kannon və model Alissa Skottun 5 aylıq oğlu Zen vəfat edib.
OLAY yazır ki, Kannon həyatının ən ağrılı anlarını “The Nick Cannon Show” şousunda izləyiciləri ilə bölüşüb.
Həmin an göz yaşlarına hakim ola bilməyən Nik oğlu Zenin səhhətinin iki aylıq olarkən pisləşməyə başladığını və körpəsinin başının normaldan daha böyük göründüyünü bildirib. Kannon daha sonra körpəsinin öskürməyə başladığını və nəfəs ala bilmədiyini deyib.
Beyin şişi kimi bir vəziyyəti düşünmədiklərini söyləyən Nik “nəfəsalma problemi səbəbiylə onu həkimə aparmağa qərar verdim. Adi bir vəziyyət olduğunu düşündük”, deyə qeyd edib.
Lakin müayinə zamanı aparıcı öyrənib ki, Zenin beynində maye yığılıb və onu çıxarmaq üçün aparat qoymaq lazımdır.
Məşhur sima Zen ilə keçirdiyi son saatlardan da danışıb. Aktyor keçən həftəsonu Nyu -Yorkdan körpəsinin anası ilə birlikdə yaşadığı Kaliforniyaya getdiyini söyləyib. Sevgilisi Alissa Scott ilə bazar günü səhər yuxudan oyandıqlarını ifadə edən Nik körpəni götürüb sahildə gəzintiyə çıxdıqlarını da açıqlayıb.
Aparıcı bildirib ki, səfərdən bir neçə saat sonra oğlu son nəfəsini verib.