“Mən toylara efirdən getmişəm. İllərlə konsertlərdən əldə etdiyim gəlirlə dolanmışam. Sonra məcburiyyətdən toylara getdim. Çünki tək konsertlə müəyyən işləri görmək olmurdu”.
OLAY yazır ki, bu sözləri “Söz-Baz” verilişində müğənni İzzət Bağırov deyib. O, 1990-cı illərin əvvəllərində çox populyar olduğunu söyləyib:
“Onda şəhərdən uzaqda-Yeni Günəşli qəsəbəsində yaşayırdım, oradan da əvvəl Balaxanıda qalırdım. Ardınca Günəşlidə ev aldıq. Oradan şəhərə gəlmək üçün bir neçə nəqliyyat vasitəsi dəyişirdim, gəlirdim Bülbül adına orta ixtisas məktəbinə. Qışda şərf bağlayrıdım, üzüm görünmürdü. Amma yayda bu olmurdu və tanıyırdılar. Biri deyirdi, gəlin, şəkil çəkdirək, mən də utanırdım. 1992-ci ildə “Gəlin” mahnım çıxmışdı. 1995-ci ildə daha da partlayış etdim və “Külək hayandan əsdi”, “Yar aman, yar” bundan sonra silsilə mahnılar çıxdı. Mən çox erkən yaşda populyar oldum. 1991-ci ildə 15 yaşım var idi. Onda populyarlıq, ulduzluq nədir bilmirdim. Lakin mən bir gecədə ulduz oldum”.