Bu gün avtomobil qəzasında dünyasını dəyişən müğənni Barış Akarsunun ad günüdür.
OLAY mərhum sənətçinin fəaliyyəti və həyatı ilə bağlı məlumatları təqdim edir:
Barış 1979-cu ilin iyunun 29-da Karadeniz Bartın bölgəsinin Amasra qəsəbəsində anadan olub. Uşaqlıq illərindən musiqi ilə məşğul olduğu üçün 2004-cü ildə “Akademi Türkiye” yarışmasına qatılır. Bu dövrdə Haluk Levent, Deniz Arcak kimi bir çox sənətçilərlə duet oxuyur. Barış həm də Cem Karacanın, Barış Mançonun, Leman Samın repertuarına müraciət edir. Möhürü vurulmuş mahnılar belə onun ifasında daha çox sevilir.
Uzun saçlı, gözləri sürməli bu gənc həm də geyim tərzi ilə seçilir. Qısa zamanda öz kütləsini yığmağı bacarır. Elə müsabiqəni də qalib kimi tamamlayır. İlk albomu – “Islak ıslak” 2004-ün dekabrında işıq üzü görür.
Getdikcə populyarlığı artan Barış 2006-2007-ci illərdə “Yalancı yarim” serialında rol alır. Aktyorluqla yanaşı müğənniliyə də davam edir. 2007-nin may ayında Kral TV-nin təşkil etdiyi mükafatlandırma mərasimində “Ən yaxşı rok ifaçısı” ödülünə layiq görülür. Ona mükafatını həmkarı Murat Göğebakan təqdim edir.
Murat Barışı “Savaşsız bir dünyada axan su kimi” sözləri ilə səhnəyə çağırır.
Bu mərasimdən bir ay sonra, iyunun 29-u yəni öz ad günündə qəzaya düşür. Maşında prodüseri Nalan Karaman və sevgilisi Zeyneb Koçak da olur. Hadisə Bodrum, Muğlada, saat 22:30 radələrində “Torba” adlanan qovşaqda baş verir. Zeyneplə Nalan hadisə yerində vəfat edirlər. Barış xəstəxanaya ürəyi dayanmış halda çatdırılır. Həkimlərin səyi nəticəsində ürəyi yenidən işləməyə başlayır. Beş gün reanimasiyada qalır, lakin həyatını xilas etmək mümkün olmur. İyulun 4-ü saat 20:10-da vəfat edir. Bu xəbər ictimaiyyətə 23:10-da çatdırılır. Pərəstişkarları o, xəstəxanada olarkən günlərlə qapının qarşısında gözləyir, bir ümidlə sağalacağını düşünürlər.
Barış Amasrada torpağa tapşırılır. Qəzaya düşdüyü qovşağa adı verilir. Rol aldığı serial onun çəkildiyi son səhnə ilə final edir. Ekran işində səsləndirdiyi mahnılar “Ayrılık zamansız gelir” albomunda sevənlərinə təqdim edilir.
O, həmişə 28 yaşındadır...
Qeyd edək ki, bu il sənətçinin həyatından bəhs edən “Barış Akarsu merhaba” filmi təqdim olunacaq. Ekran işinin baş rolunda İsmail Ege Şaşmaz oynayıb.