Mərhum Xalq artisti Əlibaba Məmmədovun məzar üstü abidəsinin qoyulmasında problem yaşanıb.
OLAY yazır ki, bununla bağlı “Xəzərxəbər” süjet hazırlayıb.
Xanəndənin qızı Rəqsanə Məmmədli bildirib ki, atasının qəbirüstü abidəsi üçün dövlət tərəfindən 16 min manat pul ayrılıb.
Buna baxmayaraq ailə Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Trestinin məzar eskizini bəyənməyib:
“Qohum-əqrəba, hamımız yığılıb baxdıq ki, bu nədir? Adi bir qəbirdir. Hamı dedi ki, bu 16 minliq deyil. Dedilər ki, Əlibaba Məmmədovun adına yaraşmır. Onlar da söylədilər ki, əlavə nəsə istəyirsinizsə, ödəniş edin”.
Ə. Məmmədovun qızı söyləyib ki, məzar daşına görə narahat olduğu üçün atasının xatirə gecəsinə getməyib:
“Martın 29-u təşkil olunan xatirə gecəsinə getmədim. Necə əylənim ki, atamın qəbri bərbad gündədir? Utanıram, deyəcəklər, kişinin qəbri düzəlməyib, burada çal-çağırdır. İli çıxdı. Camaat hara ziyarətə getsin?”.
Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Trestindən bildirilib ki, bunun üçün 16 min manat pul ayrılıb. Ailəyə məlumat verilib, lakin razılaşmayıb. Qızı razılaşdığı təqdirdə, məzar daşı dərhal qoyulacaq.