Müğənni Günay İbrahimli Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin hazırladığı siyahıda mahnısının olmasından narahatlığını dilə gətirmişdi.
Zərərli vərdişlərdən istifadəni, tüfeyli həyat tərzini, mental dəyərlərimizə zidd olan davranışları təbliğ edən, aqressiv hərəkətlərə və özünəqəsdə sövq edən mahnıların siyahısında adını görməyi “çirkin böhtan” adlandıran müğənniyə cavab gəlib.
Bu barədə OLAY-a Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin mütəxəssisi Kəmalə Onur danışıb:
“Məsələ burasındadır ki, sözügedən monitorinq təkcə narkotik asılılığı və cinayəti aşılayan mahnılarla bağlı deyildi. Günay İbrahimlinin mahnısında dil normalarına aid səhvlər olduğu üçün siyahıya düşüb. Məsələn, [gisas], [na’nkor] sözləri əslində elə tələffüz olunmur. Mənim mahnıda tutulan səhvlərdən xəbərim yoxdur. Sadəcə öz eşitdiyim səhvlərdən ikisini qeyd edirəm. Tədbirin və hesabatın pis vərdişlərlə bağlı olduğunun düşünülməsinə səbəb isə yenə də oxunma və baxış sayı üçün məhz bu mövzunun qabardılmasıdır”.
Qeyd edək ki, “Mahnılarımız monitorinq aynasında” adlı kitabdan onlarla müğənninin mahnısı yer alıb.