İsveçin milli seçim turu “Melodufestivalen”in dördüncü mərhələsində hadisə baş verib.
OLAY yazır ki, Loreenin “Tatto” mahnısını səsləndirdiyi anlarda bir nəfər plakatla səhnəyə çıxmağa çalışıb. Sözügedən şəxsin qarşısı son anda kəsilib. Hadisə ilə bağlı 4 nəfər saxlanılıb. Məlum olub ki, onlar daha əvvəl bir çox aksiyada iştirak edən eko-aktivistlərdir.
Loreen həmin anlarla bağlı danışaraq hadisəni anlamadığını və həmin şəxsin pərəstişkarı olduğunu zənn etdiyini deyib:
“Yanımda birinin olduğunu gördüm. Performansıma çox fokuslanmışdım. Ona görə şouya davam etdim. Musiqimi sevən və rəqs etmək istəyən biri olduğunu düşündüm”.
Səhnəyə hücum edən 27 yaşlı David Alker isə o anlar haqda bunları söyləyib:
“İqlim cəhənnəmində doğru gedirik və fəlakətin ən pisinin qarşısını almaq üçün əlimizdən gələn hər şeyi etməliyik. Loreen cəsarətli və ilham verən insandır. Bunu çox yaxşı qarşıladı, fikrimcə, çatdırmaq istədiyimiz çox önəmli mesajı anlayır. Bəzi izləyicilərin Loreenin performansının planlaşdırıldığı kimi həyata keçməməsinə kədərlənmələrini anlayıram. Plakatda yazılanların aydın görünməməsi məyusedicidir. Yenə də mesajımızın anlaşıldığı görünür və bu, bizim üçün önəmlidir”.
Xatırladaq ki, Loreen Bakıda baş tutan “Avroviziya-2012”də ölkəsini qalib edib.