Əfsanəvi müğənni Elvis Preslinin yeganə övladı Liza Mari Presli yanvarın 12-si 54 yaşında ürəktutmasından vəfat edib.
OLAY yazır ki, gənc yaşda atasını itirən və 100 milyon dollarlıq mirasın tək sahibinə çevrilən Lizanın ölümündən sonra övladlarına nə qoyduğu maraq doğururdu.
Lakin keçən il ortaya çıxan sənədlər onun bir sıra yanlış qərarlar nəticəsində bütün var-dövlətini itirdiyini, hətta 1 milyon dollardan çox vergi borcu olduğunu göstərib.
4 evlilikdən cəmi 4 övlad dünyaya gətirən Marinin birinci həyat yoldaşı Deni Keoqdan olan oğlu Benjamin 2020-ci ildə intihar edib. Ən son Maykl Lokvudla evlənən Preslinin əkizləri dünyaya gəlib. Boşandıqdan sonra Lokvudla şiddətli qəyumluq və aliment mübarəzi aparan Liza keçən ilin noyabrında maliyyə vəziyyətini sənədləşdirməli olub.
“İndependent” qəzetinin xəbərinə görə, sənədlərə əsasən, Preslinin 95 min dollar nəğd pulu, 715 min dollar dəyərində digər sərvətləri olub. Lakin Marinin 1 milyon dollar vergi borcu olduğu da üzə çıxıb.
Həmçinin, məhkəmə sənədləri Lizanın aylıq xərclərinin çox olduğu və gəlirinə, demək olar ki, heç bir qənaət etmədiyini ortaya qoyub.
Gənc yaşda ona miras qalan pulu səhv investisiyalarla itirən Preslinin aylıq gəlirinin 104 min dollar olduğu öyrənilib. Lüks avtomobilinin kirayəsi və digər xərclər də daxil olmaqla aylıq xərcinin 92 min dollar olduğu açıqlanıb.
Preslinin son sənədləri bunları göstərsə də, onun övladlarına qalacaq mirasının təfərrüatları hələ dəqiqləşdirilməyib.
Elvis Presli 100 milyon dollardan əlavə, ABŞ-ın Tennessi ştatının Memfis şəhərindəki evini də qızı Liza Mariyə buraxmışdı. Sonradan müzeyə çevrilən bu ev Lizanın ölümündən sonra Elvisin üç nəvəsinin mülkiyyətinə keçir. Müzeyin gəliri də nəvələrə qalacaq.
Elvisin 100 min dollara aldığı həmin evin hazırda 400-500 milyon dollar dəyəri olduğu bildirilir.