Musiqi
Musiqi

“İçində qovruldu, qısqandı, mənə bildirmədi”

“İçində qovruldu, qısqandı, mənə bildirmədi”

“Həyat yoldaşımla uzaq qohumluq, tanışlıq var idi. Bir-birimizi uşaqlıqdan tanıyırdıq. Biz bir-birin evində olmuşuq. Mənə deyirdi ki, sənin oxumağını sevmişəm. Hərdən deyirəm ki, heç bəlkə də, özümə deyil, sənətimə vurulmusan. Yoldaşımın ailəsi ziyalıdır. Onun əmiləri dövlət işində işləyirdilər”. 

OLAY yazır ki, bu sözləri  “Düzünə qalsa...” verilişində Xalq artisti Mələkxanım Eyubova deyib. O bildirib ki, sənət yolunda həyat yoldaşının qohumlarının rolu olub:

“Bəxtim onda gətirdi ki, mənim sənət yolumu onlar işıqlandırdı, hələ orta məktəbdə oxuyurdum. Çox dəstəkləyib, dayaq oldular. Həmişə istəmişəm ki, mənim ailəm olsun, övladlarım olsun və onları layiqli böyüdüm. Ifa etməyimə icazə verməsə idi, təbii ki, ailəmi seçəcəkdim. O da bunu gördü. Sonra mənə dedilər ki, nə biclik etmisən, amma vallah biclik deyildi. O, mənə yaxşı mənada sərbəstlik verdi və mən də bundan istifadə etmədim. İçində bəlkə də qovruldu, qısqandı, öz-özünə deyindi, amma onu mənə bildirmədi. Həmişə də deyir, nə yaxşı ki, səni bu sənətə qoydum, eybi yox özüm əziyyət çəksəm də... Səhnədə həmişə rahat olmuşam. Düşünməmişəm ki, evə gedəcəm və qanımı qaraldan olacaq. Evə gedəndə məni ağladan olmayacaq ki, nə gülüb-danışırdın. Kimlə oturub-dururdun? Əvvəllər məni xarici ölkələrə səfərə qoymurdu. Sonra kimlə gedib-gəldiyimi də gördü, güvəndi. Bütün bunlar mərhələ-mərhələ baş verdi. Uşaqlar atasına söz deyə bilmirlər. Ölüm-dirim müharibəsi olur. Gülür. Sonra sədd çəkdim, dedim nəbadə sözünüzü ona deyəsiniz, gəlin ancaq mənə deyin. Atalarından çox çəkinirlər... ”.

Sənətçi söyləyib ki, fəaliyyətinin ilk illərində insanlar övladlarına bu peşəyə yiyələnməyə icazə verməyiblər:

“Mənim sənətə gəldiyim illər elə bir dövr idi ki, heç kim övladına, fərqi yoxdu qızdı ya oğlandı icazə vermirdilər oxumağa. Çətin sənətdir. Heç kəs baş çıxara bilməz. Bir xanımı heç kim alıb oğluna xanıma eləməzdi. Xeyr, ona görə yox ki, bunun başqa səbəbləri var. Bir xanım əgər səhnədədirsə, bu ev üzü görməyəcək. Bütün günü səhnədə, xarici ölkələrdə olacaq. Bu nə vaxt evinə xanımlıq edəcək? Nə vaxt balalarına analıq edəcək. Bax, səbəblər bu idi!”.

Eyubova bildirib ki, ailəsi çoxuşaqlı olub:

 “Evdə 7-8 uşaq olmuşuq. Bibimin övladı olmadığına görə, valideynlərim məni ona veriblər, o məni böyüdüb. Və mən tam qayğı, sevgi ilə böyümüşəm. Məni müdrik qadın böyüdüb. Uşaq idim. Mənə həyatı elə başa salırdı ki, hirslənirdim ki, qoy hələ böyüyüm, onda de. Uşaqlıqdan məni gözü açıq böyütdü ki, həyat budur. Həyatı tam çılpaqlığı ilə... Qəmli şeylər danışan kimi gücsüzləşirəm. Uşaqlaşıb, başlayıram ağlamağa. Nə qədər sevgi yaşasam da, ananın yanında olan o sevgini heç nə əvəz eləyə bilməz!”.