Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın Omana səfəri davam edir.
OLAY yazır ki, Omana səfəri çərçivəsində Leyla Əliyeva Oman Sultanlığının Vəliəhdi, mədəniyyət, idman və gənclər naziri Sayyid Theyazin bin Haitham Al Saidlə görüşüb.
Leyla Əliyeva Azərbaycanda mədəniyyətin və tarixi irsin qorunması, təbliği, eləcə də gənclər və idman siyasəti ilə bağlı dövlət tərəfindən həyata keçirilən ardıcıl tədbirlərdən danışıb. Oman Sultanlığının Vəliəhdi Azərbaycan ilə əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildirib.
Görüşdə Azərbaycan ilə Oman arasında dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyəsindən məmnunluq bildirilib, münasibətlərimizin gələcəkdə daha da genişlənəcəyinə əminlik ifadə edilib.
***
Leyla Əliyeva Maskat şəhərində Omanın Turizmin İnkişafı Şirkətində (“OMRAN” - “Oman Tourism Development Company”) bu qurum tərəfindən həyata keçirilən layihələrlə tanış olub.
2005-ci ildə yaradılmış bu şirkət Sultanlığın əsas turizm inkişaf şirkətlərindən biridir və ölkənin turizm imkanlarını dünya səviyyəsində tanıtmaq, onun iqtisadiyyatını şaxələndirmək məqsədi daşıyır.
***
Leyla Əliyeva Sultan Qabus Böyük Məscidini də ziyarət edib.
Mərhum Sultan Qabus bin Səidin təşəbbüsü ilə inşa edilən və 2001-ci ildə açılan məscid ölkənin ən möhtəşəm dini-memarlıq abidələrindən biridir. Təxminən 20 min nəfərin ibadət edə bildiyi məscid Maskatın memarlıq rəmzinə çevrilib.