“Britaniyanın Bill Qeytsi” ləqəbi ilə tanınan 59 yaşlı milyarder texnologiya maqnatı Mayk Linç İtaliyanın Siciliya sahillərində Bayesian superyaxtasının batmasından sonra itkin düşüb.
OLAY yazır ki, bu barədə bir sıra dünya nəşrləri, o cümlədən “The Guardian” və “Sky News” məlumat yayıb.
Ondan başqa bir neçə nəfər - 18 yaşlı qızı da yoxa çıxıb. Linçin həyat yoldaşı Ancela Bakares xilas edilib.
“Biz bütün günü gəmilərdən və helikopterlərdən istifadə edərək axtarış etdik, lakin heç nə tapmadıq”, - Mülki Müdafiə nümayəndəsi bildirib.
O qeyd edib ki, itkin düşənlər dənizdə olsaydılar, tapılardılar. Linç və digər itkin düşənlərin boğularaq öldüyü güman edilir. Yaxtanın özü 50 metr dərinlikdə yerləşir və xilasedicilərin sözlərinə görə, pəncərələrdən ölənlərin cəsədləri görünür.
Qeyd edək ki, yaxta avqustun 19-da səhər İtaliyanın cənubundakı Palermo sahillərində qəzaya uğrayıb. Qəzaya səbəb tornado olub: külək gəminin dirəyini sındıraraq onun dayanıqlığını itirməsinə səbəb olub. Həmin an gəmidə 12 qonaq və 10 ekipaj üzvü olub, 15 nəfər xilas edilib, onların çoxu xəstəxanaya yerləşdirilib. Bir nəfər ölüb. 56 metr uzunluğundakı superyaxta 2008-ci ildə Linç tərəfindən alınıb.
Mayk Linç Britaniyanın proqram təminatı hazırlayan “Autonomy” şirkətinin yaradıcılarından biridir - buna görə də ona “Britaniyalı Bill Qeyts” ləqəbi verilib. 2006-cı ildə iş adamı sahibkarlığa xidmətlərinə görə Britaniya İmperiyasının ordeni ilə təltif edilib. 2015-ci ildə Forbes onun sərvətinin 1 milyard dollar olduğunu bildirib.