“Övlad bizim şəxsi əşyamız və ya mülkümüz deyil”.
OLAY yazır ki, bu sözləri aparıcı Leyla Quliyeva instaqram hesabında yazıb. O, uşaqların seçim etmək hüququnun olduğunu xatırladaraq valideynlərə müraciət edib:
“Valideyn statusu bizi övlada təhsil vermək, sağlam və xoşbəxt böyüməsinə şərait yaratmaq, onu heç kimdən asılı etməyəcək həyat səviyyəsinə yaxınlaşdırmaq kimi öhdəliklərə məsul edir və bütün bunları edərkən valideyn heç bir şəkildə təmənna güdmür və güdməməlidir. “Sənin üçün gecələr yatmadım”, “Sənin üçün N qədər pul xərclədim”, “Sənə görə özümü ikinci plana keçirdim” kimi fikirlərə köklənib “Öl desəm öləcəksən, qal desəm qalacaqsan” xülyasına düşməyək.
Onların seçim etmək hüququ var! Biz onları istiqamətləndirmək üçünük! Onların nə uşaqlığını, nə gəncliyini əlindən ala bilmərik! Qızları yetkinlik yaşına çatmamış ərə verib, onları təhsildən, özünüdərkdən, özünütəsdiqdən məhrum etməyin! Onların hələ formalaşmamış orqanizmini faciəvi sonluğa düçar etməyin! 14-15 yaşında qız – uşaqdır. O, təhsil almalıdır, inkişaf etməlidir, özünü tapmalıdır”.