Bakının möhtəşəm memarlıq abidəsi sayılan “Şərq bazarı” ticarət kompleksində “Qızıl bazarı”nın təntənəli açılış mərasimi baş tutub. Tədbir öz əhatə dairəsi və orijinal proqramı ilə qonaqların zövqünü oxşayıb.
OLAY yazır ki, FMG idarəedici şirkətinin nümayəndəsi Fuad İbrahimovun çıxışı zamanı artıq Şərq Bazarı ticarət mərkəzində bir-birindən fərqli zinət əşyaları, zərgərlik məmulatları və qızıl butiklərinin müştərilərin ixtiyarına verildiyi vurğulanıb.
Xüsusi qeyd edilən məqamlar, buradakı qızıl bazarının özünəməxsus şərq üslublu ab-havası, genişliyi, çeşidliyi, təhlükəsizliyi və eyni zamanda rahat parkinqi ilə şəhərin bütün qızıl satış mərkəzlərindən tamamilə fərqlənməsidir. Eyni zamanda xüsusi guşədə müstəqil ekspertlər tərəfindən zinət əşyalarının əyarının dəqiq müəyyən edilməsi həyata keçiriləcəkdir.
Zərgərlik məmulatları bütün dünyada, xüsusən də şərq ölkələrində xüsusi sevilir və Azərbaycanda qızıl zinət əşyaları adət-ənənələrimizin əsas tərkib hissəsi sayılır. Artıq ölkəmizin ən yaxşı zərgərlərinin bir-birindən fərqli əsərləri yenilənən Şərq Bazarı ticarət mərkəzində bir yerdə toplanıb. Elə bu səbəbdən bütün zərgərlərin və qızıl sevənlərinin yeni məkanı artıq Şərq Bazarıdır.
Qızıl bazarının açılış mərasimində ən yaxşı zərgərlərin əsərlərinin təqdim olunduğu defile dəyərli qonaqların alqışlarına və səmimi marağına səbəb olub. Lakin heç şübhəsiz ki, xalq artisti Brilliant Dadaşova tədbirin əsas qonağı kimi diqqət mərkəzində olub. Gecənin sonunda dəvət olunmuş qonaqlar “Tar Band Music” instrumental qrupunun müşayiəti ilə furşet süfrəsindən zövq alıblar.
Bu möhtəşəm açılış tədbirindən sonra qızıl-zinət əşyaları və zərgərlik məmulatını sevən hər kəsi yeni görkəmi ilə seçilən Şərq Bazarı ticarət mərkəzinə baş çəkməyə dəvət edirik.