Xalq artisti Faiq Ağayev “Nargis” jurnalına müsahibə verib.
OLAY sənətçinin “13 sual” rubrikasında söylədiyi fikirləri təqdim edir:
- Musiqi sizin üçün nədir?
- Musiqi mənim üçün həyatdır. Onsuz yaşaya bilmərəm.
- İlk dəfə nə vaxt məşhurlaşdığınızı hiss etdiniz?
- 1991-ci ilin 2 yanvar tarixində. Çünki Yeni İl gecəsi Azərbaycan Televiziyasında “Ola bilməz” mahnısını oxudum. Yanvarın 1-i evdə idim. 2 yanvarda avtobusda oturanda artıq gördüm ki, hamı mənimlə salamlaşır. O vaxt heç fotoaparatlar da yox idi. Hamı məndən avtoqraf alırdı. Bax, mənim uğur gecəm, ulduzumun parladığı gecə 1990-cı ildən 1991-ci ilə keçən gecə idi.
- Sözlərini yazdığınız mahnılar arasında ən çox sevdiyiniz mahnı hansıdır?
- Yanılmıramsa, cəmi 3 mahnıya söz yazmışam. “Unutma məni” mahnısı ən çox sevdiyimdir deyərdim.
- Özünüzü üç sözlə təsvir edin.
- Peşəkar, dost, oğul.
- Musiqiniz üçün ilhamı haradan alırsınız?
- İlham, ümumiyyətlə, möcüzəvi məsələdir. Adətən bəstəkarlardan alıram, çünki mahnıları onlar yazırlar. Amma mahnını canlandırmaq və tamaşaçıya çatdırmaq üçün musiqiyə olan sonsuz sevgimə, eşqimə arxalanıram.
- Karyeranızın ən çətin elementi hansıdır?
- İctimai fiqur olmaq. Səhnədə heç bir çətinlik yoxdur. Bütün çətinliklər səhnənin arxasındadır. Daim gərək özünü nəzarətdə saxlayasan. Çünki daima ovucun içindəsən.
- Səhnədəki çıxışlarınızdan ən yaddaqalanı hansıdır?
- Bu il səhnədə olmağımın 35-ci ili tamam olacaq. Çox böyük bir müddətdir. İlk çıxışlarımı xatırlasam, yəqin ki, “Yalta” müsabiqəsidir. Böyük bir orkestrlə çıxış etmək çox məsuliyyətli idi.
- Mahnılarınız arasında emosional olaraq ən çətin ifa olunan mahnı hansıdır?
- 2000-ci illərin əvvəlində bəstəkar Eldar Mansurov mənə yazdığı “Gecə zəngləri” mahnısını oxumağımı təklif etdi. Bu mahnı Eldar müəllimin anasının dünyasını dəyişməsi ilə bağlı idi. Mənə söylədi ki, bunu səndən başqa heç kim oxuya bilməz. Mahnı hazırda iki versiyada mövcuddur: Biri instrumental, biri də mənim oxuduğum versiyada. Çox çətin idi. Anasını itirmiş insanın fəryadı... Valideynlərimi itirməmişdim, bu barədə təcrübəm yox idi. Anam indi də sağdır. Allah analarımızı qorusun. O mahnını oxumaq emosional baxımdan çox çətin idi. Studiyada çətinlik çəkirdim, qəhər məni boğurdu. Məncə, ən çətini bu idi.
- Aktyor kimi inkişaf etmək istərdinizmi?
- Bəxtim çox gətirib. Dövlət Mədəniyyət və İncəsənət Universitetində dağ kimi ustadlarım olub: mərhum aktyor Yaşar Nuri, aktrisa Şəfiqə Məmmədova, aktyor Cahangir Novruzov. Allah canların sağ eləsin. Bəzən mənə oxuyan aktyor da deyirlər. Mənim aktyorluq bacarıqlarımı əfsuslar olsun ki, rejissorlar aça bilmədi. Bu, tək bir halda baş verər ki, məni kinoya dəvət etsinlər və mən orada bir rol oynayım.
- Müasir azərbaycanlı müğənnilər arasında kimləri dinləyirsiniz?
- Demək olar ki, hamısını. Söhbət pop, rep, rok, hip-hop musiqisindən gedirsə, hamısını dinləyirəm. Ən çox da maşında, radiodan dinləyirəm.
- “Səs Azərbaycan”da məşqçi kimi fəaliyyətinizi necə təsvir edərdiniz?
- O zaman problem yaşanırdı. Çünki vokalda məşqçi olmur, müəllim olur. Onda təklif etdim və Azərbaycan teleməkanında “The Voice” müsabiqəsi olanda münsiflərə “ustad” sözünü təklif etdim. Ən çətini “blind” mərhələsi idi, yəni “kor” dinləmələr. Biz görmürdük kim oxuyur. Bizi yalnız səs apara bilərdi. Həmin ifaçının üstündə münsiflər arasında “dava” başlayırdı ki, kim bu uşağı öz komandasına götürəcək. Çox maraqlı təcrübə idi həyatımda. Baxmayaraq ki, Azərbaycanda keçirilən bir çox müsabiqələrdə münsif olmuşam, amma çox gözəl təcrübə oldu.
- Növbəti albomunuz nə vaxt təqdim olunacaq?
- Azərbaycanda albom məsələsi aktual deyil. Sonuncu “Tam məxfi” adlı albomum 2004-cü ildə çıxdı. Ondan sonra piradların fəaliyyəti bizim albom çıxarmaq fəaliyyətimizə son qoydu. İndi bunu xətrimiz xoş olsun deyə edirik. Çünki musiqili platformalar var. Bir çox müğənnilər albom buraxmağı fiziki cəhətdən unudub. Artıq “YouTube” var.
- Sizdən “Nargis”a bir məsləhət.
- Özünüz olun. Özünüzə inanı və öz nurlu gələcəyinizi heç kimə arxalanmadan özünüz qurun.