Rep ifaçısı “Fetty Wap” narkotik maddə yaymaq və saxlamaq ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.
OLAY yazır ki, bu barədə “People” nəşri məlumat yayıb. Əsl adı Villi Maksvell olan musiqiçi 2022-ci ilin avqustunda narkotik alverində ittiham olunduğunu etiraf edib. 31 yaşlı sənətçi məhkəmədə “mənim eqoist qürurum məni bu gün bu vəziyyətə saldı” deyərək hakimdən üzr istəyib.
Onun vəkilləri Fetty Wap-ın narkotik biznesinə COVID-19 pandemiyası nəticəsində yaranan maliyyə çətinlikləri səbəbindən girdiyini iddia ediblər.
Prokurorlar hakimə yazdığı məktubda repçiyə daha uzun cəza verilməsini istəyiblər. Onlar iddia edirdilər ki, Maksvel şöhrətindən və nüfuzundan qeyri-qanuni biznes qurmaq üçün ona “heyran olan gənclərin” yanında istifadə edib. Bundan sonra musiqiçi altı il azadlıqdan məhrum edilib.