Bakıda qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
OLAY APA-ya istinadən yazır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Rəşad Dağlının qardaşı Ağamalı Əmirov dindirilib.
Şahid bildirib ki, Rəşadın media ilə bağlı və digər işlərini görür:
"Hadisə günü gecə saat 4 radələrində Rəşad zəng edib qapının ağzına çıxmağımı dedi. Qapıya çıxanda dedi ki, evdə gödəkçəm var, onu gətir. Əynində gödəkçəsi suya batmışdı. Qalxıb gödəkçəni gətirəndə gördüm ki, Rəşad yoxdur. Zəng elədim, telefonu açmadı, narahat oldum. Çünki, Rəşad nə olur olsun, mənim telefonumu götürür. Avtomobilimə minib Yasamalda Rəşadı axtarmağa başladım. Bir neçə saat sonra Rəşad zəng etdi. Görüşdük, dedi ki, məni polisə təslim elə. Səbəbini soruşdum, dedi İsgəndəri öldürmüşəm. Səbəbini soruşdum, danışmadı, hiss etdim ki, şokdadır. Bircə onu dedi ki, gözümü açanda İsgəndər qanın içindəydi. Başqa heç nə danışmadı, mən də soruşmadım, polisə getdik".
Şahid qeyd edib ki, zərərçəkəni tanımır:
"Adını eşitmişəm. Bir də hadisədən bir müddət qabaq İsgəndər mənə zəng edib. Özünü İsgəndər kimi təqdim etdi və meyxanaçı Ələkbər Yasamallının qohumu olduğunu dedi. O, telefonda Rəşadla görüşmək istədiyini, vacib söhbətinin olduğunu bildirdi. Mən əvvəl ciddiyə almadım. Bir gün keçəndən sonra yenidən zəng etdi. Dedim gəl, səninlə görüşüm. Düşündüm, pula ehtiyacı var. Dedi mütləq Rəşadla danışmalıyam, sonra gec olacaq. Mən İsgəndərin dediklərini Rəşada dedim. Rəşad mənə “boş ver” dedi. Noyabrın 2-də yenidən İsgəndər mənə zəng etdi, götürmədim. Sonra mesaj yazdı, mən də bloka atdım".
Şahid daha sonra hakim və vəkillərin suallarını cavab verib. O qeyd edib ki, qardaşı mülayim adam olub, heç zaman bıçaq gəzdirməyib.
Prosesdə daha sonra şahid Yaşar Abdullayev ifadə verib. Şahid qeyd edib ki, aksessuarlar satan obyekti var:
"Rəşad müştərimiz olub. Hadisə günü dükanda gəlib. Həmin vaxt satıcıdan aksessuar kimi bıçaq alıb. Hadisə olandan sonra Rəşadın axşam mağazaya gəldiyini və bıçaq aldığını eşitmişəm".
Xatırladaq ki, Rəşad Dağlı ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşınında bıçaqla qətlə yetirməkdə təqsirləndirilir. Hadisəni törədən meyxanaçı könüllü olaraq polisə təslim olub.
Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci( qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham irəli sürülüb.