“Ölkədə ilk dəfə olaraq “Kino forum”u keçirildi. İlk dəfə olduğunu ona görə xüsusi vurğulayıram ki, burada yenilik yalnız onun birinci dəfə təşkil edilməsi idi. Qalan hər şey illərdir eşitdiyimiz söhbətlərdir”.
OLAY yazır ki, bu sözləri feysbukda aparıcı Vüsalə Məmmədova paylaşıb. O, moderatoru olduğu forumda həmişəki məsələlərin danışılmasını tənqid edib:
“Yenə müasir filmlər sovet kinosu ilə müqayisə edildi. Yenə kinonun müəyyən rüsumlardan azad olunması, güzəştlər təklif olundu. Yenə əcnəbi filmlərin kinoteatrlarda Azərbaycan dilində nümayiş olunmasının vacibliyi vurğulandı. Hətta yenə iki kino ittifaqının birləşdirilməsi təklif olundu. Sağ olsunlar, sovet ittifaqının bərpasını da tələb edə bilərdilər, etmədilər. Sadəcə onun mirasının olduğu kimi qorunmasında istəkli göründülər. Hətta bu dəfə bir az irəli gedib “kino və abır-həya” mərhələsinə qədər də çatdıq. Bəs kimdir günahkar? Şəksiz ki, kommersiya kinosununun yaradıcıları. Kino sahəsində “quru yurda” gəlib düşən, sıfırdan iş qurmağa çalışan bu gənclər. Qocaman kino xadimlərimiz hər çıxışlarında hansısa formada o gənclərə göndərmələr edirdi. Nəsillərin qarşıdurması hər zaman olub. Ancaq bu dəfə vəziyyət fərqlidir. Qosqoca kinostudiya hissə-hissə satılanda, dövlət sifarişi ilə çəkilən filmlərin taleyi bəlli olmayanda səsi çıxmayan kino xadimləri nə haqla öz tapdığı qəpik-quruşla film çəkməyə cəhd edən gəncləri qınayır?
Filmlər keyfiyyətsizdir? Olsun! Nəhayətində, bu uğursuz filmlər dövlət vəsaiti ilə çəkilməyib. Həqiqətən Azərbaycan kinosunun təəssübünü çəkiriksə, onda kinoteatrlarda nümayiş olunan filmləri sorğuladığımız qədər dövlət sifarişi ilə çəkilib rəflərdə tozlanan filmlərin də hesabatını istəməliyik.
Həm də ki, bu filmlərdə keyfiyyət axtarmaq özü qeyri-peşəkarlıqdır. Çünki bu hələ jurnaldır, o gənclər bütün mümkün vasitələrdən istifadə etməklə kino industriyasını yaratmağa çalışırlar. Kino sonra olacaq. Dəstək versəniz, bir az tez olacaq, yox, elə baxmadan tənqid eləsiniz, o günü nə biz görəcəyik, nə də bizim balalarımız.
Qısası, iki gün ərzində bütün çıxışları dinlədim, təkliflərə qulaq asdım. Gəldiyim nəticə budur: nə qədər ki, film haqqında danışanda “biz” yox, “mən” kəlməsi istifadə edilir, o zaman biz olmağı bacaran gəncləri tənqid etməkdən başqa heç bir iş görmək mümkün olmayacaq. Kinematoqrafa sayğılarla!Gənclərə sevgilərlə!”.