“Bozbash Pictures”in ulduzu, Nicat Rəhimovun həyat yoldaşı Ülviyyə Rəhimova aktyorun doğum günü münasibətilə sosial media hesabında paylaşım edib.
OLAY yazır ki, onunla fotosunu izləyicilərlə bölüşərək bu sözləri yazıb:
“Hər peşə çətindir, əziyyətlidir. Ama aktyorluğun ağırlığı bir başqadır. Özəlliklə də, əgər komediya janrının aktyorusansa, bir üzün kədərlənsə də, bir üzün gülməlidir, çünki güldürməlidir. Nicatın sözün əsl mənasında 24 saat dayanmadan çəkilməyinin, isti-soyuq bilmədən, narahat geyim, şərait bilmədən çəkilməyinin şahidiyəm.
Öz həyatında nə qədər çətinliklər olsa da, onları adladıb güldürmək bacarığının şahidiyəm. Vaxt olub bir aya yaxın bir-birimizi görməmişik. Daim dəyişən qrafik, fərqli obrazlar, tamaşaçılar... Amma Nicat səhnə, kamera, ssenarilərlə yaşayır. Oynadıqda özünü tamamlanmış hiss edir. Daim öz üzərində işləyir. Dram janrında çəkilməklə ilk növbədə özünə öz istedadının çoxşaxəli olmasını, öz bacarığını sübut etdi.
Sahib olduğu hər şey illərinin halal əziyyətinindir. Hər kəsin həm şəxsi münasibətində, həm ümumilikdə həyatında problemləri, ağır anları, kədərləri, stresləri, sınaqları olur. Biz də istisna deyilik. Amma ürəyimdən keçən bunlardır: heyif ki, sənin kimi qardaşım yoxdur, Allahımıza çox şükür ki, sənin kimi yoldaşım var və inşallah sənin kimi övladımız olar. Allah səni qorusun! Doğum günün mübarək!”.
Qeyd edək ki, cütlük 2017-ci ildə evlənib.