Xalq artisti Ramiz Məlik və Əməkdar incəsənət xadimi Məlahət Abbasova mərhum Xalq artisti Azər Paşa Nemətov haqqında tənqidi status yazan şəxslərə münasibət bildirib.
OLAY yazır ki, R. Məlik aktyor Kamran Yunisin sözlərinə sərt şəkildə fikir bildirib:
“Bilmədin, danışma! Bunu biz yaxşı bilirik! Mən də sənin rejissor kimi qəbul etdiyin Vaqif Həsənovu “rejissor” kimi qəbul edirəm. Onun öz mücərrəd dəsti-xətti var idi, amma o, vəfat edəndə bunu özü ilə apardı”.
Daha sonra Xalq artistinin bu şərhinə Əməkdar incəsənət xadimi Məlahət Abbasovadan da dəstək gəlib:
“Bunlar kimdir ki, ortalığa düşüb, yalandan qalmaqal yaradırlar? Oxuyanlar da bunlara inanır. Aktyor Fuad Poladov da Həsənağa Turabovun rəhbər olduğu vaxtda teatrdan getmişdi. Yadınızdadır? Sizinlə oynadığımız “Sevgililərin cəhənnəmdə vüsalı“ zamanı mənim əmim rolunu oynayan Fuad Poladov bizdən ayrılıb, Rus Dram Teatrına getmişdi. Həmin vaxt Azər müəllim onu “Hamlet” tamaşası ilə geri qaytardı. Azər bəy həmişə Fuad Poladova dəstək göstərib. O, oynasın deyə tamaşalar təşkil edib.
Bildiyim qədəri ilə hətta evini də Azər bəyin təqdimatı ilə alıb. Yəni ki, Azərbaycan Akademik Milli Dram Teatrı hər zaman bir ailə olub və evdə söz-söhbət ola bilər. Axı bunlara kim icazə verir ki, ailənin içindəki söhbəti ictimailəşdirsinlər? Sadəcə ortalığı bulandırıb, gündəm yaradırlar”,- deyə, aktrisa yaşananlara münasibətini bildirib.
Kəmalə Bədəlova