Əməkdar artist Dilarə Əliyevanın qardaşı, aktyor Vüsal Murtuzəliyev növbəti dəfə yaşanan faciə ilə bağlı açıqlama verib.
OLAY yazır ki, bu barədə o, sosial şəbəkə hesablarında məlumat yayıb.
“Fikirlərimə necə başlayacağımı, nə yazacağımı bilmirəm, çox çətinlik çəkirəm. Hələ də qarışıq fikirlər içindəyəm. Zəng vurub, yazıb başsağlığı verən, yanımızda olub bizi tək qoymayan hər kəsə öz adımdan, Oqtayın doğmaları adından təşəkkürümü bildirirəm. Var olun.
Belə faciəli hadisəni qaldırmaq çox çətindir, çox. İnanılmaz həyatsevər, pozitiv, peşəkar və olduqca dostcanlı, ailəcanlı bir doğmanı bir anda itirməyin ağrısı heç bir ifadəyə sığmır.
Oqtayın övladlarının bu vəziyyətdə belə inanılmaz gücə, iradəyə, Dilarəyə necə dəstək olmalarına heyran olmamaq mümkün deyil. Allah Mehriban xanıma şəfa versin. Ailə üzvümüz qədər yaxındı bizə”, - deyə, sənətçi bildirib.
Qeyd edək ki, SOY prodakşının rəhbəri Oqtay Əliyev ötən gün Abşeron rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı həlak olub.