Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, modelyer-dizayner Gülnarə Xəlilovanın “Qarabağ” adlı kolleksiyası yeddinci Stokholm Beynəlxalq Moda Sərgisində (Stockholm International Fashion Fair - red.) təqdim olunub.
OLAY yazır ki, “Grand Hotel Stockholm”da keçirilən kolleksiyanın nümayişi Azərbaycanın İsveçdəki səfirliyinin dəstəyi ilə təşkil olunub. Bu, dizaynerin İsveçdəki kolleksiyalarının üçüncü nümayişidir.
Azərbaycanın qədim geyim ənənələri və milli ornamentlərindən istifadə etməklə, xalqımızın zəngin tarixini və yeni dəb tendensiyalarını özündə birləşdirən Gülnarə Xəlilovaya məxsus “Qarabağ” kolleksiyası sərgisi iştirakçılarının böyük marağına səbəb olub.
“Stokholm Beynəlxalq moda sərgisi ictimaiyyət nümayəndələrinin, diplomatik nümayəndəliklərin, mədəniyyət və moda sənayesi xadimlərinin iştirakı ilə yüksək səviyyədə keçirilib. Məlum olduğu kimi, mən bütün dünyada çalışıram ki, ölkənin zəngin mədəni irsində xüsusi yer tutan Azərbaycan milli geyimlərini təbliğ edim. Şübhəsiz ki, Qarabağ kostyumları bizim milli-mənəvi və maddi dəyərlərimiz arasında mühüm yer tutur”, - deyə Gülnarə Xəlilova bildirib.
Qeyd edək ki, Gülnarə Xəlilovanın kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç və digər ölkələrdə moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilib.