“Cinemazadeh” şirkəti ilə məhkəmədə uduzan aktyor Müşviq Şahverdiyev yeni açıqlama yayıb.
OLAY yazır ki, sənətçi məhkəmənin detalları ilə bağlı danışıb və bunları söyləyib:
“2019-cu ildə “Cinemazadeh” şirkəti ilə iki film üçün müqavilə bağladıq. Onlar mənə avans ödədilər. Bir ekran işinin adı “Kəklikotu”, digəri isə “Qış nağılı” idi. İkincisi demək olar, 80-90 faiz çəkilmişdi. Elə oldu ki, film böyük alındığı üçün məni çəkə bilmədilər, dedilər ki, başqa bir filmlə əvəzləşərik. “Kəklikotu” filmi isə tam yerindədir, 2019-da çəkirik. Üç il sonra məni məhkəməyə verib, avansı geri istəyirlər. Adını da qoyublar ki, Müşviqə demişik, çəkilməkdən imtina edib, bizi ziyana salıb. Bunu niyə həmin vaxt etməyiblər, 3 il sonra ediblər.
Mənə maraqlıdır. Əllərində isə heç bir sənəd-sübut yoxdur. Mənim səsli mesajlarım yoxdur ki, imtina edib gəlmədiyimi deyim. Mən məhkəməyə sübutları təqdim etdim. Vəkilim bütün sənədləri, mesajları, Cəfər Axundzadənin səsli mesajını məhkəməyə təqdim etdi. Səs yazısında mənə deyir ki, Müşviq, sənlə bağlı olan filmləri çəkə bilmədik, inşallah lentə alacağıq. Hakim bunlara ağıllı-ağıllı qulaq asıb. Sonda ədalətsiz qərar verdi. Heç bir şahidləri yox idi.
Mən şahidləri gətirdim. Hakim onları içəri buraxmadı. İnsanlar mənə dəstəyə gəlmişdilər ki, Müşviq haqq-ədalət var, belə olmayıb, sənə görə iş dayanmayıb, səni şərləyirlər. Onlar Cəfər Axundzadə ilə işləyən adamlar idi. Mənə dəstək üçün gəlmişdilər, amma məhkəməyə buraxılmadılar. Deyildi ki, müqavilə olmalıdır və sairə. Ülkər Həsənova ədalətsiz bir qərar verdi. İnanıram ki, Apellyasiya məhkəməsində onun kimi ədalətsiz qərar verən hakimlə görüşməyəcəyik. C. Axundzadə haqqında da çox xəbərlər yazılıb ki, nə qədər insanın pulunu kəsib, pul atıb. Onu da, məni də hər kəs tanıyır”.