Bakı Bələdiyyə Teatrının aktrisası Zülfiyyə Qurbanova hədsiz sadəliyinə görə dəyər görmədiyini bildirib.
OLAY yazır ki, sənətçi bu barədə feysbuk hesabında yazıb:
“İnsan gərək özündə çatışmayan şeyləri görsün. Şəxsən mən özümdə olanları görürəm. Səmimiyyət problemim var, çox sadəyəm. Əksər hallarda bu səmimiyyətim, sadəliyim dəyərsizlik gətirib. Məsələn illər öncə serial çəkilişi zamanı yekə bir işıq üstümə düşdü (ştativlə bir yerdə), vurdu qaşımın üstünü partlatdı. Üzümü qan götürdü, ətim belə piy qarışıq çölə çıxdı. Amma mən işıqçının məsuliyyətsizliyindən şikayətçi olmadım, əksinə, çalışdım ki, hadisə böyüməsin. Yaramı təmizləyəndən sonra çəkilişə davam elədim. Guya düz elədim ki?! Qəti! Özümü elə həddə gətirdim ki, hər kəs elə bildi ki, adi ağrıdır. Halbuki izi indiyədək qalır. Ağrısını da günlərlə dözülməz halda çəkdim.
Səhnəyə yıxıldım, zədə aldım, elə davrandım ki, guya, yaxşıyam. Ağrımı bildirməyə utandım. Ümumiyyətlə, özümə aid hər şeyi adiləşdirmək problemim var. İnsan gərək böyütsün, şişirtsin. Əslində, bunun günahı bir az anamdadır. Rəhmətlik anam bizi qəribə böyütdü: amandır, pis olsanız, heç kimə bildirməyin. Amandır, dik olun, amandır o, amandır bu… Doğru şeydirmi? Yox! Ona görə hər hansı işdə əsas rolda oynayanda, adım titrda öndə yazılmayanda, axırda kütləvi sırlamada gedəndə deyirəm ki, təqsir səndədir, Zülfiyyə! Sadə olmamalısan, deməlisəm ki, bu nədir? Məni hamı kimi niyə önə yazmamısan?! Halbuki işin 80%-də mənim istedadımın əməyi var. Başqa bir missal çəkim, lazımi yerlərdə qapının haradan açıldığını bilməyən kiməsə xüsusi dəyər göstəriləndə mənim kimi canı-dildən əmək verən birinə biganəlik olanda, yenə də düşünürəm ki, təqsir səndədir, Zülfiyyə! Axı, sən özünü niyə belə həlak edirsən ki, dəyərin də bu olsun?
Həyatım boyu bütün münasibətlərimdə sadəliyimdən, səmimiyyətimdən istifadə ediblər. Görkəm olaraq eqoist görünə bilərəm, amma fakt başqadır. Ümumiyyətlə, mənim hər ağrımı sadələşdirmək, asanlaşdırmaq problemim var. İnsan gərək özünü, başına gələn hər şeyi şişirtməyi, gözə soxmağı bacarsın. Həmişə hər şeyin ən yaxşısına elədim, çəkildim kənarda oturdum. Bir gün dəyişdiyimi, sadəliyimi itirdiyimi görsəniz, bilin ki, siz məni o həddə çatdırırsınız”.