“Hisslərimə ad verməkdə o qədər də usta deyiləm. Amma dəqiq hiss etdiyim şeylər var. Yorğunam, canım yanır, kədərliyəm, düşüncəliyəm. Özümə zaman vermək istəyirəm. Özümü boş buraxmışam indi. Zamanın hiss etdiklərimizin üstündə təsiri hamımıza az-çox məlumdur. Gözləyək”.
OLAY yazır ki, bu sözləri “Ata ocağı” serialının ulduzu, aktrisa Ləman Mərrih yazıb.
Ötən aylarda doğum günündə anasını itirən sənətçiyə izləyicilərdən biri “Ananı nə tez unutdun? Torpağın üzü soyuqdur həqiqətən...” şərhini yazıb. Sosial şəbəkə istifadəçisinin bu sözü aktrisanı özündən çıxarıb:
“Bunu oxuyub, özümdən çox sizə üzüldüm. Birinin bədbəxtliyini görmək üçün onu necə güdə bilər bir insan? Birinin kədərinə şahid olmaq üçün necə pusquda yata bilər, buna necə həvəsli olar? Anam mənə sizin kimi insanlara kədəri göstərməməyi, onlarla ağrını bölüşməməyi öyrədib. Əfsuslar olsun ki, anam həm də öyrədib ki, sizdən qaçış yoxdur, siz başqasının acısı ilə qidalanırsınız, göz yaşları ilə doyursunuz. Mənim ağrım mənə aiddir, sizə ya da başqasına yox. Mən bu intizarı da, kədəri də özüm yaşayıram. Bunlara sizi şahid tutmaq niyyətim də yoxdur. Bu heç doğru da olmaz. Bu qədər çox bilmək istəyirsinizsə, ağlayıram, bəli! Ağır travma yaşamışam, psixologiyam da çöküb, hə! Bundan sizə nə?! Başqalarını niyə yormalıyam ki? Başqalarının gününü niyə məhv etməliyəm ki? Gedin, öz həyatınıza məşğul olun, boşluğunuzu birini sancaraq doldurmayın!”, - deyə, Ləman ona cavab yazıb.