Bloger Aynur Hüseynovanın (Aka the one) başına iş gəlib.
OLAY yazır ki, bu barədə o instaqramda paylaşım edib. Aynur bildirib ki, evi pişiyinin dili naməlum şəxslər tərəfindən kəsilib:
“Pişiyim son zamanlar qardaşı ilə oynamağa çölə çıxmaq istəyirdi və mən də icazə verirdim. Çünki həmişə evin qabağında dolanırdı, başqa pişiklərlə də aqressiv hərəkətlər etdiyini görməmişəm. Dünən səhər həmişəki yerində otururdu və qan içində idi. Təcili yardıma apardım, bəlli oldu ki, dili kəsilib. Dava deyil çünki çox iti və dəqiq kəsikdir. Ya yeməyin içinə şüşə, lezva qoyub veriblər, ya da konservanı elə açıb veriblər ki, dilini kəssin. Hətta xüsusi tələdən də istifadə ehtimalı var. Nəzərə alsaq ki, qonşularım pişik (ələxsus da qara pişik) sevmirlər ki, dəfələrlə buna şahid olmuşam. Onlardan şübhələnirəm, amma sübutum yoxdur. 3 ölü pişik görmüşəm fərqli zamanlarda, onlardan birisi də T'Challanın (Pişiyi - red.) anası idi, bədənini gördüm, çox qəribə ölüm idi. Nə maşın vurub, nə qan var, ağzı açıq, dili çöldə sanki zəhərlənmiş kimi. Bir dənə də pişik var, quyruğunu dibindən kəsiblər. Onsuz da heyvanlara zərər verən insanlar öz payını alır. Mənim heç nə etməyimə ehtiyac yoxdur. Bu evdən köçürəm, bu ay sonuncu ayımdır.
Həkim dilindəki ölü parçalarını təmizlədi, tikdi, indi birləşməsini gözləyirik. Damağındakı kəsiyi də tikdi, sümüyü görsənirdi. İnfeksiya keçib, sepsi ola bilər. Hər 6, 8, 12 saatdan bir müxtəlif dərmanlar və sulu yemək şprislə boğazına tökürük. Çox ağrıyır 24/7 nəzarət altında qalmalıdır ki, dili çürüməyə başlayarsa, təcili 2-ci əməliyyat keçirtsinlər. O da kömək etməsə, dilini itirəcək və ömürlük yatızdırmaq məcburiyyətində olacaqlar. Çünki nə yemək yeyə, nə də su içə biləcək. Bu bir neçə gündə bəlli olacaq. Artıq savaşmaq ona qalıb. Mən əlimdən gələni edirəm ki, sağalsın. Cavan, sağlam və güclü pişikdir. Bütün qəlbimizlə inanır və güvənirik bizimlə qalacaq”.
Qeyd edək ki, Aynur uzun müddətdir Amerikada yaşayır.