Yanvarın 15-də Müstəqil “M.Teatr”ın (Mənim teatrım) təqdimatında mərhum yazıçı Rövşən Ağayevin “Bir gecənin nağılı” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası keçirilib.
OLAY yazır ki, tamaşada gənc bir qız sevmədiyi biri ilə nişanlanmaq istəmədiyi üçün evdən qaçır. Gecə gənc qız parkda anasının sözündən heç bir halda çıxmayan bir oğlanla qarşılaşır. Bu təsadüfi görüş onların hər ikisinin həyatını dəyişir.
Melodrama janrında hazırlanan tamaşada rolları Gülçin Qasımova və Cavid Baba ifa ediblər. Qeyd edək ki, bundan öncə sözügedən rolları Ziya Ağa və Günay Əhməd canlandırmışdı.
Z.Ağa layihədə bu dəfə rejissor kimi çalışıb. Tamaşanın quruluşu rejissoru Xalq artisti Vidadi Həsənov musiqi tərtibatçısı Amid Qasımov, rejissor assistenti Səbinə Süleymanovadır. Tamaşanın plastik həlli Elnur İsmayılova məxsusdur.
Onu da bildirək ki, maraqlı aktyor oyunu, zəngin rejissor tapıntıları ilə müşayiət olunan tamaşa gənc aktyorların səhnə debütü idi.
Premyeradan sonra tamaşaçılar yaradıcı heyətlə səhnəarxası görüş keçirib, onlarla xoş təəssüratlarını bölüşüblər.