Aparıcı Vüsalə Kərimova “Geri dönənlər” filmini təqdim etməyən “CinemaPlus” kinoteatrlar şəbəkəsini tənqid edib.
OLAY yazır ki, bu barədə o, sosial şəbəkə hesablarında paylaşım edib.
“Bir ölkənin mədəni səviyyəsinin təbliğində kino industriyasının xüsusi əməyi var, çünki dünyaya açılan qapılarımızın bir tayında mədəni siyasət dayanır. Ola bilər ki, dəyərli “CinemaPlus”un başı filmlərdən gələn gəlirlərin bölünməsinə o qədər qarışıb ki, mədəni siyasətimizin qaynayan qazanına bir çimdik duz atmaq üçün varını yoxunu qoyub, öz istedadları, bacarıqları sayəsində az məbləğlə çox iş görən sənətkarların əməyini görməzdən gəlir. Biz tamaşaçıyıq və hər sözündə təbliğat, hər kəlməsində görüb götürmək olan filmlərə zəmanəmizin çox ehtiyacı var.
“Dönənlər” filminin yayımını 4 ay sonraya atarkən, gəncliyimizin tərbiyəsinin kasad cəhətlərinin də 4 ay yubadıldığını heç fikirləşdiz görəsən?! Etmədiniz, ən azında bu gün qalib ölkəmizin qalibiyyətində bir birliyin dayandığını düşünə bilsəydiniz, düşünürəm ki, belə gözəl ekran işinin təbliğatını tezləşdirib, mədəni həyatımıza töhfə verərdiz. Ayılın, ya da yatın, qəflət yuxunuz şirin olsun”, - deyə, Vüsalə bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl “CinemaPlus” kinoteatrlar şəbəkəsindən OLAY-a bildirilmişdi ki, filmin yaradıcılarına təqdimat tarixi kimi 2023-ün mart ayını göstəriblər, onlar isə razılaşmayıb, bu ilin dekabrında təqdim etmək istəyiblər.
Onu da xatırladaq ki, 28 dekabrda təqdim olunacaq filmdə baş rollarda Əməkdar artist Dilarə Əliyeva, aktyorlar Elcan Rəsulov, Ziya Ağa, Oktay Mehtiyev, Fərhad Səmimi, aktrisalar Günay Əhməd, Oksana Rəsulova da çəkilib.