Aktyor Azər Aydəmir Azərbaycan Dövlət İqtisad Universitetini tiktokerləri tədris mərkəzinə dəvət etdiyi üçün tənqid edib.
OLAY yazır ki, o bu barədə sosial media hesabında yazıb:
“Universitetə tiktoker çağırmaq olardı. Yalnız həmin elm ocağının səviyyəsinə uyğun kontentlərin sahiblərini. Elə kontentmeykerlər olmadığına görə o zaman bu fikirdən daşınılmalıydı. Lakin İqtisad Universiteti ora məzmunsuz, “haypkətçer”ləri yəni, “pleps”i, boz kütlənin kumirlərini dəvət etməklə, mən də universitet olaraq boz kütlə yetişdirirəm mesajını verir. Bu çox utancverici və rəzil addım idi. Və bir günün içərisində “Narxoz”dan, UNEC-ə keçid edən PR, marketinq menecerlərinin onillik əziyyətinin, yerə vurulması idi.
Düşünürəm ki, universitet bu qərarına görə ilk növbədə tələbələrindən və müxtəlif illərdə həmin təhsil ocağını bitirmiş məzunlardan və həmçinin oranın məzunu olmuş, dünyasını dəyişmiş dühaların ruhları qarşısında üzr istəməlidir. Səbəbkarları deşifrə edib cəzalandırmalıdır. Trendi qırmaq hər bir dövlətin öz əlindədir”.
Qeyd edək ki, tiktokerlər Nicat Şakirli (Nikosayağı), Sabir Samiroğlu və Zaur İskəndərovun universitetdəki çıxışları birmənalı qarşılanmayıb.