Yanvarın 18-də Bakıda qəhrəmanlıq tariximiz olan Sədərək döyüşlərinin 35 illiyi münasibətilə Naxçıvan Televiziyasının hazırladığı “Sədərəkdən Şuşaya” sənədli televiziya filminin təqdimatı olub.
OLAY yazır ki, əvvəlcə tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Günay Nəzərova “Sədərəkdən Şuşaya” filmi barədə məlumat verib. O bildirib ki, bu film Azərbaycan xalqının qəhrəmanlıq tarixini, milli iradəsini və azadlıq uğrunda mübarizəsini əks etdirən mühüm bir əsərdir. G.Nəzərova vurğulayıb ki, filmdə Sədərək döyüşlərindən başlayaraq Şuşanın azad olunmasına qədər keçilən şərəfli yol təsvir olunur. Bu yol xalqımızın milli birliyinin, sarsılmaz əzminin və torpaq sevgisinin parlaq nümunəsidir. O qeyd edib ki, şəhidlərimizin qəhrəmanlığı hər zaman qürurla xatırlanacaq və gələcək nəsillərə örnək olacaq.
"Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" QSC-nin sədri, "Sədərəkdən Şuşaya” filminin layihə rəhbəri və müəllifi Sahil Tahirli “Sədərəkdən Şuşaya” sənədli filminin, Azərbaycan xalqının qəhrəmanlıq və vətənpərvərlik tarixini əks etdirdiyini deyib. O qeyd edib ki, şəhidlərimizin qəhrəmanlığı film vasitəsilə gələcək nəsillərə ötürülür və Azərbaycan tarixində əbədi iz buraxır.
Sonra “Sədərəkdən Şuşaya” sənədli televiziya filmi nümayiş olunub.