ATV-də yayımlanan “Bir qadın” serialının çəkilişləri yekunlaşıb.
OLAY-ın məlumatına görə, ekran işi bu mövsümün son çəkilişlərini ötən gün edib. Layihənin yeni sezonda davam edib-etməməsi isə sual altındadır.
Aktrisa Zemfira Əbdülsəmədova da serialda canlandırdığı Zöhrə obrazı barədə fikirlərini yazaraq rolu ilə vidalaşdığını söyləyib:
“Bu da bir qadın taleyi... İllərlə doğmaların üçün canını qoyursan, ailənin möhkəm olması üçün çalışırsan, min cildə girirsən, onu sakitləşdirirsən, bunu malalayırsan, barışdırırsan, onun-bunun qabağında əyilirsən. Hər şeyi öz öhdənə götürürsən, hətta qürurunu da ayaqlar altına atırsan.
“Təki ailə möhkəm olsun, doğmaların, yaxınların problemi olmasın, bir ömür boyu çarpışırsan. Axırda da belə.... Məlum olur ki, hamı yalnız özünü düşünür, öz maraqlarını güdür. Sənin verdiyin qurbanları isə yada salan, aqibətini fikirləşən də yoxdur. İnsanın minnətdarlığı, mərhəməti budur?! Bəlkə heç lazım deyildi bu qədər çalışmaq? Bəlkə hər şeyi öz axarına buraxmaq, özünü fikirləşmək lazım idi?”.
Zöhrənin (Zöhrələrin - azdır, çoxdur, o qadınların sayı nə qədərdir, bilmirəm) monoloqundan.
Bu gün “Bir qadın” serialının son çəkiliş günündə, son sözlərim bu oldu. Hər halı ilə haqsız və haqlı tərəfləriylə bu obrazımı sevmişdim. Bundan bir dərs almaq isə heç vaxt gec deyil”.