“Mənim bunlardan bir anlayışım yoxdur. Heç bir yerə ərizə yazıb ayrılmamışam. Rüstəm İbrahimbəyovun sağlığında o ittifaqa da üzv olmuşam. Çünki bunu etmək mümkündür. Onlar özləri çıxarıblarsa, bilmirəm. Başqa bir məlumatım yoxdur”.
Bu sözləri OLAY-a açıqlamasında Əməkdar artist Münəvvər Əliyeva söyləyib. Xalq artisti Şəfiqə Məmmədovaya görə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından ayrıldığı iddia edilən sənətçi heç bir qurumda olmaq istəmədiyini bildirib:
“Sosial şəbəkələrlə, internetlə çox əlaqəli olan adam deyiləm. Son günlər zənglər gəlir ki, nə oldu? Bu, indi olmayıb ki? Mənim qurultaydan da xəbərim yoxdur. Sadəcə olaraq nə orada, nə burada olmaq istəyirəm. Onlar adamı sayıb dəvət etmirlər. Əvvəllər filmlərə çağırırdılar. İttifaqlar aktyora heç nə etmir. Teatr aktyoruyam, burada qalmışam, işimi də görürəm.
Guya ittifaq hansısa filmə adımı təklif edir, şəklimi göstərir? Heç nəyim yoxdur. Mən tamaşamı oynayıram, sosial şəbəkələrə də baxmıram, uzağam. Mənə o vaxt dedilər ki, hər iki ittifaqda da ola bilərsən. Gedib deməmişəm ki, ay Şəfiqə xanım, mən sizin ittifaqınızdan çıxıram. Üzvlüyümün davam etməsi ilə bağlı da məlumatım yoxdur. Heç bilmirəm ki, digər ittifaqda üzvlük davam edirmi, yoxsa dayandırılıbmı? Çünki onlarla da əlaqəm yoxdur. Onlar da məni heç yerə dəvət etməyib”.