Mədəniyyət Nazirliyinin sifarişi əsasında “Azərbaycanfilm” kinostudiyasında “Fikrət Əmirov” adlı bədii-sənədli film çəkilib.
OLAY yazır ki, dekabrın 19-da Heydər Əliyev Sarayında ekran işinin təqdimat mərasimi keçirilib.
Mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov Fikrət Əmirovu Azərbaycan musiqi mədəniyyətinin ən görkəmli simalarından biri kimi səciyyələndirib. Bildirib ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamla dahi bəstəkarın 100 illiyi silsilə tədbirlərlə qeyd edilir. Film haqqında danışan A.Kərimov ekran işinin Fikrət Əmirovun 100 illiyinə dəyərli töhfə olduğunu diqqət çatdırıb.
Deyib ki, rejissor Vaqif Mustafayev filmi ərsəyə gətirən zaman sənətkarın ailə üzvləri ilə görüşüb, onların xatirələrini dinləyib, nəticədə Fikrət Əmirovun dünyaya göz açdığı mühiti, şəxsiyyət kimi yetişməsini və sənətini dolğunluğu ilə təqdim etməyə müvəffəq olub. Nazir V. Mustafayev başda olmaqla filmin ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkürünü bildirib.
Sonra filmin quruluşçu rejissoru və ssenari müəllifi Xalq artisti Vaqif Mustafayev səhnəyə dəvət olunub. Uşaq olarkən Fikrət Əmirovla görüşdüyünü deyən rejissor musiqi məktəbinə qəbul prosesində böyük sənətkarın onun musiqi duyumunu yoxlayıb yüksək dəyərləndirdiyini məmnunluqla xatırladıb: “Ağlıma gəlməzdi ki, zaman yetişər, mən böyük bəstəkarımız haqqında film çəkərəm. Buna görə özümü xoşbəxt hiss edirəm. Əvvəlki filmlərimdə olduğu kimi, burada da mövzuya səmimiyyətlə yanaşmışam”.
Fikrət Əmirovun oğlu, pianoçu, bəstəkar, Xalq artisti Cəmil Əmirov ekran işinin sevgi ilə ərsəyə gəldiyini və ondan razı qaldıqlarını deyib. O, ailələri adından Mədəniyyət Nazirliyinə və filmin yaradıcı heyətinə minnətdarlığını bildirib.
Sonra film nümayiş olunub. Ekran işində musiqişünas, Əməkdar incəsənət xadimi, professor Lalə Hüseynova, Xalq artisti, bəstəkar Fərhad Bədəlbəyli, bəstəkarın qızları Afət Xəlilova, Sevil Əmirova, oğlu Cəmil Əmirov, mədəniyyət naziri Anar Kərimov, musiqişünas, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova, eləcə də sənətkarın digər qohumlarının fikir və xatirələrinə yer verilib.
Qeyd edək ki, filmin quruluşçu operatoru Orxan Abbasov, quruluşçu rəssamı Quram Navrozaşvili, səs rejissoru Sergey Netrunenko, məsləhətçisi Cəmil Əmirov, montajçısı Əsgər Rəhimov, prodüseri Nazim Hüseynovdur.