“Google” Rusiyadan olan blogerlər üçün “YouTube”da monetizasiyanı (pul qazanmaq - red.) tamamilə ləğv edib.
OLAY yazır ki, bu barədə şirkət Rusiya Federasiyasından xidmət istifadəçilərinə göndərdiyi məktubda məlumat verib.
“Biz yerləşdiyi ölkə Rusiya olan bütün “AdSense” hesablarını deaktiv edirik. Bu o deməkdir ki, siz belə hesablar vasitəsilə monetizasiya gəliri əldə edə bilməyəcəksiniz”, - deyə, “Google Payments” mesajında bildirilib.
Şirkət hesabın ödənişlərin qəbulu dayandırılmadığı və ödəniş həddinə çatmadığı təqdirdə blogerlərin iyul üçün qazanclarının avqustun 21-dən 26-a qədər ödəniləcəyini açıqlayıb.
Qeyd edək ki, 2022-ci ilin martında yutub Rusiya istifadəçiləri üçün bütün video hostinqin monetizasiya funksiyalarını dayandırıb. Bundan əlavə, Premium və Music Premium abunəlikləri, həmçinin sponsorluq, supersöhbət, superstikerlər Rusiyadan olan istifadəçilər üçün əlçatmaz olub.