Aparıcı Azər Zahid gündəm olan TikTok layihəsi haqda danışıb.
OLAY yazır ki, bu barədə o, axsam.az-a açıqlama verib. Azər deyib ki, “Təkərdə” verilişi ilə sözügedən platformanı mədəniləşdirmək istəyir:
“Televiziyada şou necədirsə, bizdə də elədir: işçi heyətimiz var, sponsorlarla müqavilə imzalanır, kənardan gələn heyət olur. Sosial şəbəkədə çox söz yazırlar. Yayım texnologiyam, televiziyadakı kimidir. Avstraliyadan, digər xarici ölkələrdən texnika gətirmişəm. TikTok-u hər zaman söyüş yeri kimi tanıyırlar. Mən isə buranı mədəniləşdirmək istəyirəm. Sistemi elə qurmuşam ki, televiziya kimi olacaq. Filan saatda bu proqram, o biri saatda başqa veriliş başlayacaq. İştirakçılar öz yayımlarında başqa cürdür, mən isə etikanı qoruyuram.
Sosial şəbəkədə eyni anda canlı yayımı 50 min izləyici izləməyib. Bu rəqəmlər hər gün artır. Gün ərizndə hesablasaq, bizim ümumilikdə, 1 milyon izləyicimiz olur. Hansı telekanalı 1 gündə bu qədər insan izləyir? Növbəti buraxılışımızda xaricdən iştirakçılar olacaq. Türkdilli dövlətlərdən iştirakçıları birləşdirib, yarışı keçirəcəyəm. Çoxları özləri gəlmək üçün mənə müraciət ediblər. İndi televiziyalar saytlara uduzub. Hazırda sosial şəbəkə hər şeydən birinci gəlir”.
Azər “Deyirlər, 2 gündə atılan hədiyyələrdən 10 min dollar qazanmısınız” sualına belə cavab verib:
“Azərbaycanda orada qazanılan pulu çıxartmaq mümkün deyil. İştirakçılara gələn 1, 2 milyonluq hədiyyələr sıralamadan geri qalmasınlar deyədir. Bu işin mətbəxini çoxları bilmir. İnsanlar götürüb 10 min dollar günə qazanmağımı yazmaqdansa, izlənmə rekordumu, televiziya formatını sosial şəbəkəyə gətirməyimi yazsınlar. Bunlar virtual məbləğdir. Tək bir ünvana gəlmir bu məbləğ. Onu gəlir kimi də göstərmək olmur. Azərbaycan bank sistemində bu pulu çıxartmaq sistemi yoxdur. Nəğdləşdirmək olmur. İndi deyirlər Azərbaycanda da TikTok-la müqavilə bağlanacaq. Onda biz də Türkiyə, Birləşmiş Ərəb Əmirliyi və digər ölkələrdə olduğu kimi onu pul formasında çıxarda biləcəyik. Əvvəl bunu Türkiyə, Rusiya vasitəsiylə pula çevirib çıxartmaq olurdu. Amma ötən ildən bu da mümkün deyil”.