Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yolların buz bağlaması ilə bağlı sürücülərə çağırış edib.
Bu barədə OLAY-a BDYPİ-dən məlumat verilib.
“BDYPİ xüsusilə külək tutan açıq ərazilərdə, enişli-yoxuşlu yollarda, körpülərdə sürüşmə ehtimalının dəfələrlə artacağını nəzərə alaraq, sürücülərdən zəruri ehtiyat tədbirləri görməyi, mövsümə uyğun təchiz edilməmiş, texniki-təhlükəsizlik baxımından yararsız nəqliyyat vasitələri ilə yola çıxmamağı, səfərləri mümkün qədər günün işıqlı vaxtına planlaşdırmağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi xahiş edir” , - məlumatda deyilir.
Qeyd edilib ki, qarlı, buzlu yollarda sürüşmə ehtimalını nəzərə alaraq, piyadalara da ehtiyatlı olmaq, yolun hərəkət hissəsinə çıxmamaq, təhlükəsizlik qaydalarına ciddi əməl etmək tövsiyə olunur.