Bakıda keçmiş sevgilisi, model Raziyyat (Razi) Əliyevanı döyməkdə, avtomobilini oğurlayaraq məhv etməkdə ittiham edilən və hazırda həbsdə saxlanılan Ziya Hüseynzadə barəsindəki digər cinayət işinin istintaqı tamamlanıb.
OLAY Baş Prokurorluğa istinadən yazır ki, “PKF Audit Azerbaijan” və “PKF Audit Consultinq” MMC-lərin təsisçisi olan Ziyanın dələduzluq, vəzifə saxtakarlığı kimi əməllər törətməsinə də şübhələr müəyyən edilib.
İstintaqla Z.Hüseynzadənin 2022-2023-cü illərdə digər şirkət rəhbərləri ilə əlbir olaraq onlara məxsus obyektlərin fəaliyyətinin genişləndirilməsi təyinatı üzrə kredit verilməsinə dair “Avropa Yenidənqurma və İnkişaf Bankı”na etdikləri müraciətlər üzrə maliyyə, bank hesabatları, gəlir və xərclərə dair çıxarışlar, ödəniş tapşırıqları, müqavilələr və saxtalaşdırmış olduqları digər rəsmi təsdiqedici sənədləri həmin banka təqdim etmələrinə, nəticədə bu şirkətlər tərəfindən külli miqdarda qanunsuz kredit vəsaitləri alınmasına əsaslı şübhələr aşkar edilib.
Bundan başqa onun 2022-ci ildə təsisçisi olduğu şirkətin bank hesabında olan pul vəsaitini nağdlaşdırmaq məqsədilə saxtalaşdırdığı rəsmi sənədlərdən istifadə etməklə həmin MMC-nin direktorunun xəbəri olmadığı halda onun adından şirkətin depozit hesabından təsərrüfat xərci adı altında külli miqdarda pul vəsaitini məxaric etməsi müəyyənləşib. Ziya Hüseynzaadənin habelə digər şəxsə münasibətdə AYİB tərəfindən qrantın ayrılmayacağını bilməsinə baxmayaraq guya bankın vəzifəli şəxsləri ilə qanunsuz sövdələşmə yolu ilə həmin məsələni həll etmək imkanı olmasını yalandan vəd edərək vətəndaşa məxsus külli miqdarda pulu ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Hüseynzadə Ziya Hikmət oğluna Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 195.2 (qanunsuz kredit alma külli miqdarda ziyan vurduqda), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı), 320.1 və 320.2-ci (rəsmi sənədi saxtalaşdırmaqla bilə-bilə istifadə etmə) maddələri ilə ittiham elan edilib. Onun barəsində digər cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınıb.
Cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq olunaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, Z.Hüseynzadə barəsində model sevgilisi R.Əliyevanın şikayəti əsasında açılmış cinayət işi üzrə də hazırda məhkəmə araşdırması davam edir.