Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy yerli serialların beynəlxalq yayımını təşviq etmək məqsədilə yeni maliyyə dəstəyi proqramını açıqlayıb.

OLAY yazır ki, ən azı 3 qitə və 10 ölkəyə ixrac ediləcək seriallara hər bölüm üçün 100 min ABŞ dolları (təxminən 4 milyon 295 min TL) məbləğində dövlət dəstəyi veriləcək. Dəstəyin meyarları gələn həftə TESİYAP-da keçiriləcək təqdimatda detallı şəkildə açıqlanacaq. Təqdimata qurumun rəhbəri Kerem Çatay başçılıq edəcək.

Ödənişlər 2026-nın ikinci yarısında başlayacaq.
Türkiyə Kino Baş İdarəsinin rəhbəri Birol Güven bildirib ki, Türkiye Turizm Tanıtım ve Geliştirme Ajansı (TGA) ilə birgə aparılan iş çərçivəsində, 2026-cı ildə çəkiləcək və Türkiyənin tanıtımına töhfə verən səhnələri olan seriallara bu dəstək ayrılacaq. Onun sözlərinə görə, hər şey plan üzrə getsə, ödənişlər 2026-cı ilin ikinci yarısında və ya son rübündə başlanacaq.

Qeyd olunur ki, seriallarda ölkənin tanıtımına xidmət edəcək səhnələrin planlaşdırılması üçün rejissorlar və ssenaristlərlə ayrıca görüşlər keçiriləcək.