Əməkdar artist Mehriban Xanlarova mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov barədə Facebook sosial şəbəkəsində qalmaqallı açıqlama verib.

OLAY yazır ki, sənətçi edib ki, “bu gün ölkədə incəsənət sahəsinə Soros Fondunun Bakıdakı nümayəndəsi Cahangir Səlimxanov rəhbərlik edir” və feysbuk statusunda belə bir sual ünvanlayır:

“Dünyada ”sorosçuların” ifşa olunduğu bir vaxtda Cahangir Səlimxanov kiminsə köməyi ilə Mədəniyyət Nazirliyində ”isti yer” tapmağı kimə borcludur? Əgər söhbət 65+ yaş kateqoriyasından gedirsə, bu ”sorosçu” hansı xidmətlərinə görə bütün incəsənət sahəsinə rəhbərlik etmək hüququ alıb? Yoxsa bu ”xüsusi etimad” onun kiminsə sinif yoldaşı olması ilə bağlıdır? Bəlkə də bu suallara cavab verə biləcək biri tapılar”.

Statusda M.Xanlarova həmçinin “məmur özbaşınalığı, mədəniyyət sahəsində gizli oyunlar və milli incəsənətə vurulan zərbələr” barədə də danışıb.

Cahangir Səlimxanov yayılan iddialara Facebook səhifəsindəki paylaşımı ilə cavab verib:

“Haqqımda yayımlanan bəzi fikirlərlə tanış olanda doğrusu çox təəccübləndim. Artıq 46 ildir ki, peşəkar fəaliyyətlə məşğulam. Bu illər ərzində müxtəlif təşkilat və qurumlarda çalışmış, ölkə daxilində və xaricdə – İndoneziyadan Kanadaya, Norveçdən Mərakeşə qədər – Azərbaycan mədəniyyətinin təbliği istiqamətində böyük zəhmət sərf etmişəm. Ölkəmizin 7 universitetində, 3 dildə müxtəlif fənlər üzrə dərs demişəm və bu işi bu gün də davam edirəm.

Hər zaman millətimizin mədəni ləyaqətinin keşiyində durmuş, ölkə rəhbərliyinin müəyyən etdiyi mədəni inkişaf məqsədlərinə vicdanla xidmət etmişəm.

Təəssüf ki, hazırda bəzi şəxslər Mədəniyyət Nazirliyi əleyhinə kampaniya aparır və görünür, məni də yada salıblar. Bunu bir daha təəccüblə qarşılayıram.

Əminəm ki, bu kimi cəhdlər bizim işimizə mane ola bilməz. Biz yenə də öz iradəmizi, vaxtımızı və enerjimizi mədəniyyətimizin inkişafına yönəldəcəyik. Çünki mədəniyyətə xidmət edənlər həmişə səs-küyü ilə deyil, əməli ilə tanınır”.