Türkiyənin ustad sənətçisi Haldun Dormen vəfat edib.
OLAY yazır ki, sənətçi 97 yaşında dünyasını dəyişib. Bu barədə onun oğlu Ömer Dormen məlumat yayıb.
Türk teatr, kino və televiziya sənətinin tanınmış nümayəndəsi, rejissor və dramaturq Haldun Dormen 5 aprel 1928-ci ildə Türkiyənin Mersin şəhərində anadan olub.
Orta təhsilini “Galatasaray” Liseyi və “Robert College”də alan Dormen ali təhsilini ABŞ-də Yale Universitetinin Teatr fakültəsində tamamlayıb. O, 1957-ci ildə yaratdığı Dormen Tiyatrosu ilə Türkiyədə müasir teatrın inkişafında mühüm rol oynayıb.
Haldun Dormen Türkiyə səhnəsində Qərb üslublu musiqilərin tanıdılmasına töhfə verib və “Sokak Kızı Irma” tamaşası ilə bu sahədə ilk nümunələrdən birinə imza atıb. O, eyni zamanda “Bozuk Düzen” və “Güzel Bir Gün İçin” kimi filmlərin rejissoru olub.
Uzun illər teatr təlimçisi kimi fəaliyyət göstərən Dormen bir çox aktyor və rejissorun yetişməsində mühüm rol oynayıb. Sənətə verdiyi töhfələrə görə müxtəlif mükafatlara layiq görülüb və “Dövlət Sənətçisi” fəxri adını alıb.