İncəsənət
İncəsənət

Emin Sabitoğlunun doğum günündə məzarı ziyarət edildi

Emin Sabitoğlunun doğum günündə məzarı ziyarət edildi

Bu gün Xalq artisti Emin Sabitoğlunun (1937-2000) anadan olmasının 85 ili tamam olub.

OLAY yazır ki, bu münasibətlə II Fəxri Xiyabanda bəstəkarın məzarı ziyarət olunub, üzərinə tər çiçəklər düzülüb. Bu barədə Mədəniyyət Nazirliyi məlumat paylaşıb.

Mərasimdə iştirak edən Xalq artistləri Zamiq Əliyev, Brilliant Dadaşova, Gülyanaq Məmmədova, Mələkxanım Eyubova, Əməkdar artist Nüşabə Ələsgərli və başqaları Sabitoğlunun bənzərsiz yaradıcılığından söz açıblar.

Sonda bəstəkarın qızı, professor Ceyran Mahmudova çıxış edərək atasının xatirəsinə göstərilən ehtirama görə tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Xatırladaq ki, Emin Sabit Rəhman oğlu Mahmudov 2 noyabr 1937-ci ildə Bakıda anadan olub. 1954-cü ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına (indiki Bakı Musiqi Akademiyası) Qara Qarayevin sinfinə daxil olub. İki ildən sonra isə P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasına Yuri Şoporinin sinfinə keçirilib.

E. Sabitoğlu üç simfonik poema, üç kantata, simli kvartet, skripka və fortepiano üçün poema yazıb. O, 600-dən çox mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyib. Paytaxt teatrları ilə yanaşı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir və Naxçıvan teatrlarının tamaşalarına musiqilər yazıb. Bəstəkar 2000-ci il noyabrın 18-də Bakıda vəfat edib.