Mədəniyyət Nazirliyi Əməkdar İncəsənət Xadimi, bəstəkar Ruhəngiz Qasımova ilə bağlı nekroloq yayıb.
OLAY yazır ki, nekroloqda deyilir:
“Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Ruhəngiz Qasımova 82 yaşında vəfat edib. Ruhəngiz Nağı qızı Qasımova 12 iyul 1940-cı ildə Bakı şəhərində anadan olub. Asəf Zeynallı adına Musiqi Məktəbinin, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinin (professor Cövdət Hacıyevin sinfi üzrə) məzunu olub. Uzun müddət Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-də, “Azərbaycantelefilm”də səs rejissoru, bəstəkar kimi çalışıb.
Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olub (1978). Simfonik, vokal-instrumental əsərlər, müxtəlif tamaşalara, kinofilmlərə musiqi bəstələyib. Ədəbi fəaliyyətlə də məşğul olub, hekayələri "Ədəbiyyat və incəsənət" qəzetində, "Azərbaycan", "Ulduz" jurnallarında dərc olunub. "Babamın muzeyi" adlı kitabın müəllifidir. Azərbaycanda ilk dəfə çəkilmiş “Danışan işıqlar” cizgi filminin bəstəkarı, F.Qoca, B.Vahabzadə, M.Orucun və özünün şerləri əsasında çoxsaylı mahnıların, mahnı silsilələrinin (“Qarabağ bayatıları”, “Təbrizim”), səs ilə estrada-simfonik orkestri üçün “Xalqın səninlədir, zəfər sənindir” mahnısının və s. əsərlərin müəllifidir.
R.Qasımovanın musiqi əsərləri sırasında “Quyu” tamaşasına musiqi, "Qızıl oğlan" musiqili nağıl, “Qonşu qonşu olsa”, “Ömrün yolları”, “Yollar görüşəndə” tamaşalarına musiqi, “Asif, Vasif, Ağasif” , “Tələ” kinofilmlərinə musiqi xüsusi qeyd oluna bilər.
Tanınmış bəstəkar milli musiqi sənəti sahəsindəki nailiyyətlərinə görə 2005-ci ildə Azərbaycan Respublikasının "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb.
Ruhəngiz Qasımova 9 oktyabr 2022-ci ildə Honkonqda dünyasını dəyişib.
Tanınmış bəstəkar, gözəl insan Ruhəngiz Qasımovanın əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.
Allah rəhmət eləsin!”.