Oktyabrın 8-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycanın Xalq artisti, bəstəkar Aqşin Əlizadənin “Babək” baletinin premyerası keçiriləcək.
Bu barədə OLAY-a teatrdan məlumat verilib.
Bildirilib ki, tamaşa əfsanəvi xalq qəhrəmanı, igid sərkərdə Babəkin öz xalqının azadlığı uğrunda mübarizəsinə həsr olunub.
Yeni tamaşanın quruluşçu baletmeysteri, Azərbaycanın Xalq artisti Kamilla Hüseynova, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Tehran Babayevdir. Balet tamaşasını dirijorların Antal Dorati adına beynəlxalq müsabiqəsinin laureatı Orxan Haşımov idarə edəcək.
Əsas rolları Azərbaycan Respublikasının Əməkdar artistləri Anar Mikayılov (Babək), Cəmilə Kərimova (Alnisə), Makar Ferştandt (Əmir) və truppanın aparıcı solistləri Ayan Eyvazova (Pərişad) və Seymur Qədiyev (Cavidan) ifa edəcəklər.