Azərbaycan Film Akademiyasında Elçin Əfəndiyevin “Mahmud və Məryəm” əsəri tamaşaya qoyulub.
OLAY yazır ki, musiqili və plastik həllərlə qurulan tamaşanın özəlliklərindən biri odur ki, aktyorlar bütün tamaşanı gözləri bağlı şəkildə oynayıblar. İkinci özəlliyi ondadır ki, tamaşanın quruluşçu rejissoru Azərbaycan Film Akademiyasının tələbəsi Nicat Əkrəmdir və onun hələ 16 yaşı var.
Tamaşa boyu aktyorların gözləri tam bağlı olub. Öncədən qurulmuş mizanlara, səs istiqamətinə və hisslərə əsasən tamaşanı tam peşəkar şəkildə nümayiş etdiriblər.
Rolları Azərbaycan Film Akademiyasının aktyorları Nicat Əkrəm, Tamilla Həsənova, Tural Bünyadzadə, Valya Məmmədli, Anar Əli, Həlimə Həsənli, Günel Məmmədli, Ləman Pərvizli, Rauf Muxtarov canlandırıblar.
Bu barədə Azərbaycan Film Akademiyasının qurucu rəhbəri Zaur Tahirsoy bunları qeyd edir:
“Bu, sadəcə 9 aylıq düzgün və müasir aktyorluq dərslərinin nəticəsidir. Azərbaycan kino və teatr sahəsini axsadan əsas amillərdən biri də komanda işidir. Bu gün kino tədrisi proqramına müasir təhsil metodu ilə yanaşı komanda işini də əlavə etmişik. Nəticəsi də göz qabağındadır”.