Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Mədəni gənclik” layihəsi başa çatıb.
OLAY yazır ki, bu münasibətlə iyulun 1-də Bakı Dövlət Universitetində (BDU) mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev və universitetin rektoru Elçin Babayevin tələbələrlə görüşü keçirilib.
Elnur Əliyev tələbələrin layihə haqqında təkliflərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb. Bu cür layihələrinin davamlı olmasını arzulayan BDU-nun rektoru Elçin Babayev “Mədəni gənclik” layihəsinin təşkilinə görə Mədəniyyət Nazirliyinə, layihədə iştirak edən tələbələrə və universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinə təşəkkürünü bildirib.
Qeyd edək ki, bu ilin may ayından həyata keçirilən “Mədəni gənclik” layihəsinin məqsədi gənclərin incəsənətə marağının artırılması, onların ölkənin mədəni proseslərinə cəlb edilməsi, Azərbaycan gənci və mədəniyyətimiz arasında körpü salmaq, mədəni dəyərlərimizə sahib çıxacaq nəslin yetişdirilməsinə töhfə verməkdir. İki ay davam edən layihəyə BDU-dan 300 nəfər könüllü tələbə qatılıb. Tələbələr 5 mədəniyyət ocağında – Azərbaycan Dövlət Akademik Milli Dram, Azərbaycan Dövlət Akademik Opera və Balet, Azərbaycan Dövlət Akademik Musiqili, Azərbaycan Dövlət Akademik Rus Dram teatrlarında və Azərbaycan Dövlət Akademik Filarmoniyasında tamaşa və konsertlərə sərbəst baxmaq imkanı əldə ediblər.