İyulun 7-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası növbəti dəfə nümayiş olunacaq.
OLAY yazır ki, rejissor Elvin Mirzəzadənin quruluşunda hazırlanan səhnə əsərinin bədii rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir. Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov və quruluşçu rəssamı Əməkdar artist Nabat Səmədovadır.
Operettanın bərpaçı rejissoru Əhəd Hacıyev, dirijoru Əməkdar İncəsənət Xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, konsertmeysteri Fidan Babayeva, quruluşçu baletmeysterlər Əməkdar artistlər Zakir Ağayev və Yelena Ağayeva, geyim üzrə rəssamı Əməkdar incəsənət xadimi Gülnarə Xəlilova, rejissor assistentləri Sevinc Məmmədova və Elməddin Dadaşovdur.
Qeyd edək ki, “Arşın mal alan” dahi bəstəkar Üzeyir Hacıbəylinin üçüncü və sonuncu musiqili komediyasıdır. 1913-cü ildə yazılmış əsərin librettosunu da Üzeyir Hacıbəyli yazmışdır. Burada əsas məzmun coşqun ruhlu baş qəhrəmanlar olan Əsgər və Gülçöhrənin böyük və səmimi məhəbbətidir. Obrazlı məzmunun dərinliyi və musiqinin inkişafının əhatəliliyi “Arşın mal alan” tamaşasını komik operaya yaxınlaşdırır. Baş qəhrəmanların obrazlarını və fərdiyyətini dolğun açmaq üçün dahi bəstəkar başlıca olaraq ariyadan istifadə edib. “Arşın mal alan” musiqili komediyasında Süleyman, Asya, Cahan xala, Soltan bəy, Telli, Vəli və sair kimi obrazlar da özünəməxsusluğu ilə seçilir. Əsərdəki digər bir yenilik Üzeyir Hacıbəylinin milli harmoniya üslubunu yaratmasıdır.