İncəsənət
İncəsənət

“Psix” tamaşasına giriş qiymətləri müzakirə yaratdı

“Psix” tamaşasına giriş qiymətləri müzakirə yaratdı

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi bəstəkar, SSRİ Xalq artisti Q.Qarayevin “Don Kixot” simfonik qravürü və dünyaşöhrətli ispan yazıçısı Migel de Servantesin “Don Kixot” romanının motivləri əsasında hazırlanan “Psix” tamaşasının premyerası baş tutub.

OLAY yazır ki, ilk tamaşaya biletin qiyməti 6 manat olsa da, sonrakı günlər üçün məbləğ artırılıb və 30 manat edilib.

Bu isə sosial şəbəkədə etirazla qarşılanıb. Bəzi istifadəçilər bildirib ki, bir tamaşaya bu qiymətin qoyulması düzgün deyil.

Tamaşanın quruluşçu rejissoru Ər-Toğrul Kamalov isə məsələyə belə açıqlama verib:

“Qiymətlər bu cür təyin olunub, bu tamaşaya baxmaq istəyənlər bileti alacaq. 6 manatdır deyə hər tamaşalara gedirsiz, 30 manat olsa bütün tamaşaların qiyməti, onda siz istədiyiniz tamaşaya gedəcəksiz. Müğənninin konsertinə 30 manat vermək olar, ağız dolusu mədəniyyət ocağı deyilən teatrın biletinə yox? Teatrda aktyorlarımın və texniki heyətin çəkdiyi zəhmətə qiymət vermək istəyənlər o pulu ödəyib gəlib baxsın. Konsertlərə 100 azn ödəniş edirlər, niyə teatrda bilet 30 AZN-ə baha sayılsın ki?”.

Qeyd edək ki, tamaşanın musiqi rəhbəri Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, konsertmeysteri Kamil Həsənov, rejissor assistenti Zaur Əliyevdir.

Səhnə əsərində Don Kixot obrazını Xalq artisti Pərviz Məmmədrzayev canlandırır. Teatrın gənc aktyorları – Nicat Əli (Sanço Pansa), Gültac Əlili (Dulsineya), Zaur Əliyev (xidmətçi) də tamaşada rol alır.