Qazaxıstanlı və rusiyalı komediyaçı, yumorist və kinoaktyor Nurlan Saburovun Rusiyaya girişinə 50 il müddətinə qadağa qoyulub.
OLAY yazır ki, bu barədə RIA Novosti hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb və bildirilib ki, qərar Rusiya Federasiyasının milli təhlükəsizliyi maraqları nəzərə alınaraq qəbul edilib.
Qeyd olunur ki, Rusiyada 60 milyon rubldan (təxminən 1,3 milyon manat) artıq dəyərdə əmlaka sahib olan N. Saburov, RF-də qazandığı vəsaitləri vasitəçilər vasitəsilə leqallaşdırmağa cəhd edib.
Rusiyanın Baza Telegram kanalı isə qadağanın 30 yanvar tarixindən qüvvəyə mindiyini yazır və vurğulayır ki, “bu qərar Xüsusi Hərbi Əməliyyatın tənqid edilməsi, miqrasiya və vergi qanunvericiliyinin pozulması səbəbilə qəbul edilib”.
Xatırladaq ki, N. Saburov stendap janrındakı çıxışları ilə geniş tanınıb və “Что было дальше?” (“Sonra nə oldu?”) verilişinin aparıcısıdır.