Mədəniyyət Nazirliyi teatrlara qadağa tətbiq etməsi barədə xəbərlər yayılıb.
OLAY yazır ki, kulis.az-ın xəbərinə görə, teatra gedən aktyorların qırmızı dodaq boyasından, dikdabandan, qırmızı rəngli geyimlərdən, cins və dar şalvarlardan istifadəsinə qadağa qoyulub.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən OLAY-a açıqlama verilib. Bildirilib ki, sözügedən məlumatlar həqiqəti əks etdirmir:
“Qaydalarımızda hər hansı işçinin və ya şəxsin hüquqlarını və ya azadlıqlarını hər hansı şəkildə məhdudlaşdıran heç bir hal nəzərdə tutulmayıb. Əksinə, əmək müqaviləsi üzrə vəzifə funksiyalarını tam həcmdə və keyfiyyətlə yerinə yetirən, müəssisənin daxili intizam qaydalarına əməl edilməsində fərqlənən işçilərin mükafatlandırılması və əməyinin dəyərləndirilməsi nəzərə alınıb.
O ki qaldı geyimlə bağlı tələblərə, qaydalarda heç bir qadağadan söhbət getmir. İşçilər üçün geyim və üsluba dair tələblər bir çox dövlət orqanlarında, habelə özəl müəssisələrdə də mövcuddur. Hətta bir çox tanınmış yerli və beynəlxalq şirkətlər var ki, öz işçiləri üçün “dress-kod” müəyyən edirlər.
Eyni zamanda, Nazirliyin tabeliyində olan teatr və mədəniyyət mərkəzlərində yaradıcı sahədə çalışan çoxsaylı işçilər üçün geyim və aksessuarların səhnə mədəniyyətinin tərkib hissəsi olduğunu nəzərə alaraq bildiririk ki, həmin işçilərin geyimləri ilə bağlı heç bir tələb və ya tövsiyə nəzərdə tutulmayıb”.