Bəşər tarixinin ən qanlı faciələrindən olan Xocalı soyqırımının 33-cü ildönümü münasibətilə Mədəniyyət Nazirliyinin kollektivi fevralın 26-da Xocalı soyqırımı abidəsini ziyarət edib.
Abidənin önünə tər çiçəklər düzülüb, faciə qurbanlarının xatirəsinə ehtiram ifadə olunub.
Qeyd edək ki, 1992-ci il fevralın 26-na keçən gecə erməni silahlı dəstələri Xocalı şəhərini yerlə yeksan edib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər həlak olub. 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
Hazırda işğaldan azad olunmuş bütün ərazilərdə, o cümlədən Xocalı rayonunda dövlətimiz tərəfindən sürətli bərpa-quruculuq işləri aparılır. Azad torpaqlara Böyük Qayıdış prosesi davam edir. Artıq Xocalı şəhərinə və rayonun Ballıca kəndinə də bir qrup keçmiş məcburi köçkünün qayıdışı təmin olunub.
Prezident İlham Əliyevin 25 fevral 2025-ci il tarixli Sərəncamı ilə Xocalı şəhərində yaradılacaq Soyqırımı Memorial Kompleksi faciə qurbanlarının xatirəsinə yüksək ehtiramın ifadəsi olmaqla yanaşı, bu qanlı cinayətin gələcəkdə də unudulmaması üçün qiymətli yaddaş kitabəsi olacaq.