“O2 Media” şirkətinin direktoru, tanınmış prodüser və rejissor Orxan Mərdan yeni layihəyə start verib. “Hər kəs üçün kino” adlı layihə çərçivəsində yeni istehsal edilmiş Azərbaycan filmlərinin regionlarda nümayişinə və yaradıcı heyətləri ilə görüşlərə start verilib.
İlkin mərhələdə “Zəhər tuluğu” filmi 5-6 fevralda Mingəçevirdə, 11 fevralda Sabirabadda, 12-13 fevralda Şirvanda, 19-20 fevralda Lənkəranda nümayiş olunacaq.
Bu haqda OLAY-a Orxan Mərdan özü məlumat verib.
“Zəhər tuluğu” filminin prodüseri layihənin uğurlu alınacağına inanır:
“Azərbaycan kinosunun və mədəniyyətinin inkişafı naminə atdığımız addımları davam etdirməkdə israrlıyıq. Bundan bir neçə il öncə Azərbaycan tamaşaçasını yerli filmlərlə kinoteatrlara cəlb etməyi bacardıq. "Xoxan” və "Naxox” filmlərinin uğurunu kinosevərlər unutmayıb. Biz həmin dövrdə Azərbaycan tamaşaçısında yerli filmlərə inamı və marağı bərpa etdik. Elə o dönəmdən regionlarımız üçün də yerli filmlərin əlçatan olması üçün çalışırıq. Bir müddət kinoteatr şəbəkələrinin arasında yaranan anlaşılmazlıq səbəbindən yerli filmlərin bütün kinoteatrlarda nümayişində problem yaranmışdı. Bir şəbəkə, digər şəbəkədə nümayiş etdirilən filmləri öz kinoteatrında nümayiş etdirməkdən imtina etmişdi. Bu da öz növbəsində yerli film istehsalçılarına çox ciddi problem yaradır, maliyyə itkilərinə səbəb olurdu. Bu işlə məşğul olmalı qurumların cəhdləri səmərə vermədikcə kommersiya filmlərinin taleyi sual altında idi. Pandemiyanın tüğyan etməsi, kinoteatrların karantin rejimi səbəbindən bağlanması bizim işimizi daha da çətinləşdirdi.
Ötən il “Zəhər tuluğu” filminin istehsal mərhələsində, şəxsən mənim təşəbbüsümlə kinoteatrlar arasında razılıq əldə edildi və bu razılıqdan sonra bizim istehsal etdiyimiz “Zəhər tuluğu” filmi və digər yerli kommersiya filmləri ölkənin bütün kinoteatrlarında nümayiş olunur və tamaşaçı toplamaqda davam edir. İndi hədəfimiz daha böyükdür. Mən bütün regionlarımızda “Zəhər tuluğu” filminin nümayişi üçün danışıqlar aparıram və əksər rayon və şəhərlərimizdən təşəbbüsümüzə dəstək almışıq.
Məqsədimiz Azərbaycan kinosunun inkişafı və regionlarda kino mədəniyyətinin formalaşmasıdır”.