Rusiyanın Soçi şəhərində keçirilən ŞHK(Şən və Hazırcavablar Klubu) komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən komandanın rəhbəri Müşviq Abbasov ad dəyişikliyi barədə danışıb.
OLAY yazır ki, o, bununla bağlı Baku TV-ə açıqlama verib. Abbasovun sözlərinə görə, birinci turdan sonra iclas olub və komandanın adının dəyişdirilməsi tələbi bu iclasda irəli sürülüb:
“İclasda redaktorlardan biri hansı komandaların ikinci turda iştirak edəcəyini dedi. O, bildirdi ki, “Şuşa” komandası yalnız adını dəyişdikdən sonra iştirak edə bilər. Bununla bağlı həmin redaktora Ruben Jaqinyan adlı şəxs deyib. O, milliyətcə ermənidir. Dedim ki, bu qərarı tədbirin sahibi versin. Ona görə adımızı ikinci turda iştirak etmək üçün müvəqqəti dəyişdirdik. İkinci turdan sonra etiraz etdim. Tədbirin sahibinə dedim ki, axı biz festival üçün qeydiyyatdan “Şuşa” adı ilə keçmişik. Bizi ikinci tura adımızı dəyişdirmək şərti ilə buraxıblar. Amma “Şuşa” adı ilə davam etməliyik. Sonra həmin sənədləri göstərdim. Söylədi ki, buna görə başları ağrıya bilər və sair. Söylədim ki, o zaman biz rəsmi olaraq çıxışdan imtina edirik. Bunu dedim, otaqdan çıxmağa hazırlaşdım. Məni saxladı ki, biz yenə müzakirə edək, axşam yekun qərarı söyləyəcəyik. Biz də cavab gözləyirik”.
Qeyd edək ki, komandanın adı dəyişdirilərək “Buta” ilə əvəzlənib.